Zərdabda “məişət zorakılığına son qoyaq” adlı maarifləndirici tədbir

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Zərdab rayonunda qadınlar üçün məlumatlandırma sessiyası təşkil edib. “Məişət zorakılığına son qoyaq” adlı tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasında Zərdab rayonundan olan 45 nəfər iştirak edib.

Tədbirə Zərdab Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Xəyalə Niftəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində olan Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Ləman Səfərəliyeva iştirak edib.

Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Xəyalə Niftəliyeva keçirilən tədbirin əhəmiyyəti barədə danışıb.

X.Niftəliyeva məişət zorakılığı probleminin Zərdab rayonu üçün də aktual olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Qadın Problemlərinin Tədqiqatları Mərkəzi sədri Sevil Allahverdiyeva həyata keçirilən layihə ilə bağlı məlumat verib. S.Allahverdiyeva qeyd edib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Layihənin məqsədi regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə işi aparılması, qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara hüquqi yardımın göstərilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım etməkdir.

Daha sonra tədbirin məruzəçisi Xalid Kazımov məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı iştirakçılara məlumat verib.

İştirakçılara “Məişət zorakılığının qarşısının alınması” haqqında Qanun, zorakılıqların qarşısını almaq üçün hüquqi sosial və qabaqlayıcı tədbirləri necə təşkil edilməsi, zorakılığa yol vermiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi yolları və üsulları, zərərçəkmişlərin müvəqqəti sığınacaqla təmin edilməsi qaydaları haqqında məlumat verilib. Həmçinin, “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunun verdiyi hüquqlar, qanunda nəzərdə tutulan müdafiə mexanizmləri iştirakçılara izah edilib. Qanunvericiliklə müəyyən edilmiş hallar və hüdudlar istisna olmaqla hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi qeyd edilib. Qısamüddətli və uzunmüddətli mühafizə orderinin necə əldə edilməsi yolları vurğulanıb.

Həmçinin, məişət zorakılığına məruz qalanlar üçün yardım mərkəzləri, sığınacaqlar, zorakılığa məruz qalan şəxslərin hara və kimə müraciət edə bilmələri üçün mövcud qaynar xətlərlə bağlı iştirakçılar bilgiləndirilib.

Daha sonra tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində olan Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Ləman Səfərəliyeva rəhbərlik etdiyi mərkəzin fəaliyyəti və məişət zorakılığının qarşısının alınması üçün görülən tədbirlər barədə məlumat verib.

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb