Elə insanlar var ki, onların ömürünün başlanğıcı olur, sonu əbədiyyətə bağlıdı. Onlar milyonların düşüncələrində, xatirələrində, tarixdə sədaqətlə yaşadılır. Onlara tarixi şəxsiyyət deyirik; fəaliyyəti, təfəkkürü, sevgisi, insanlara qayğısı Vətənə ad olan belə insanların ömürünün işığı milyonların ömüründədi...
Akademik Zərifə xanım Əliyevadan söz düşəndə onu tanıyanlar, onu tanıyanların söhbətləriylə, xatirələriylə tanıyanlar həmişə bu ad-soyadın qarşısında birmənalı şəkildə “gözəl insan” ifadəsini də deyir. Gözəl insan kimi tanınmanın, gözəl insan kimi sevilmənin, bəşəri ehtiramla əhatələnmənin ən əzəli şərti onun böyük ürək yiyəsi olmasıdı; böyük ürək yiyəsiydi Zərifə xanım Əliyeva, qüdrətli elmi təfəkkürə malik idi, rəhbərlik etdiyi təşkilatlarda, elmi müəssisələrdə qayğıkeşliyi ilə hamının sevgisini qazanırdı. Bu sevginin də başlanğıcı olurdu, sonu heç zaman olmayacaqdı...
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində böyük dövlət xadimi Əziz Əliyevin ailəsində anadan olub. Həkim olmaq istəyib. Bu istəklə oxuyub, öyrənib. Orta məktəbi 1942-ci ildə bitirib, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutu 1947-ci ildə əla qiymətlərlə bitirib.
Diplom kiminsə yaxşı mütəxəssis olduğunun təsdiqi deyil. Təsdiq pedaqoji sahədə sinif otaqlarında olur, mühəndislikdə qurulan, tikilən binaların əzəmətindədi, arxitekturasının milli xüsusiyyətlərlə səsləşməsindədi, tibbdə palatalarda müalicə olunub sağalanların ehtiramındadı....
Zərifə xanım işığı sevib, işıqlığı sevib. İşığı sevib deyə nuru da sevib. Nur göz deməkdi. İnsanların xidmətində nur naminə dayanıb, nurlu gözlər naminə dayanaıb. Göz həkimi – oftolmoloq olub...
Tarixçilər də, salnaməçilər də, tibb sahəsinin araşdırıçıları da deyirlər ki, XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə səmərəli mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərinin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Xalqın həkimi idi Zərifə xanım. O illərdə bu xəstəliklə mübarizə aparanların sırasında olmağı özünə təkcə peşə borcu deyil, həm də vətəndaşlıq borcu bilirdi.
1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başladı. Bu, gələcəkdə böyük niyyətlərin gerçəkləşməsinin başlanğıcı idi. Bu başlanğıc daha bir qətiyyətli, məqsədypnlü niyyətə rəvac verdi: 1950-ci ildə aspiranturaya daxil oldu, elmi axtarışları praktik həkimlik fəaliyyətinin davamı oldu.
Tədqiqatlar elmi tezislərlə, elmi tezislər elmi təfəkkürlə gerçəkləşir, elmi nəticə olur, konkret sahə üzrə elmin təəssisatına daxil edilir. Həkim-elmi işçi Zərifə xanım Əliyevanın tədqiqatları ümumi nəticələrlə elmi həllini tapmışdı.
Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanda ümumiləşdirlmişdi. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edildi və Azərbaycanımız bu xəstəlikdən xilas oldu.
SSRİ Ali Attestasiya Komissiyası 1963-cü ildə 1960-cı ildən 1967-ci ilədək Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışan Zərifə xanım Əliyevaya “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdi.
1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olundu. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı. Həmin dövrdə Zərifə Əziz qızı Əliyeva həkimlik fəaliyyəti ilə məşğul olurdu: cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verirdi. Onun fəaliyyəti işlədiyi klinika ilə məhdudlaşmırdı, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edirdi. O, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparırdı. Traxoma ilə yanaşı Zərifə xanım Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində də bir sıra tədqiqatlar aparırdı. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etmişdi.
Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, 1983-cü ildə həmin kafedranın müdiri seçilmişdi. Bu, həm elmi zəkaya, həm də yüksək insani keyfiyyətlərə ehtiramın təzahürü idi. Bu seçkilərdən sonra ömrünü oftolmologiyaya həsr edən alimin fəaliyyəti daha da genişləndi, elmi maraqları, deməli, elmi tədqiqatlrı təkcə gözün peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. İstedadlı alimin görmə orqanının virusla zədələnməsinə həsr olunmuş neçə-neçə elmi işi də elmi ictimaiyyətin diqqətini çəkdi. Bu diqqət rəğbət idi. Bu elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdi. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri (“Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və s.) bu məsələlərə həsr olunub.
Tibb elmləri doktoru professor Zərifə xanım Əiyevanın “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyaları, görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuş əsərləri çap edildi. Alimin bir sıra elmi işləri “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etdi. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitabdır. Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olub.
Azərbaycanda oftolmologiya üzrə böyük nüfuza malik olan Zərifə xanım Əlyeva tədqiqatlarını daha mühüm bir sahə üzrə davam etdirdi: sənayenin sağlamlığa təsirinin aradan qaldırılamsı. Bu sahə üzrə apardığı çoxpilləli tədqiqatlarını ümumiləşdirərək “Azərbaycanın bir sıra kimya müəssisələri iş-çilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda. Bu elmi işi alim-oftalmoloqlar yüksək dəyərləndirdi, oftalmologiyanın bu sahə üzrə ilk işlərdən biri kimi qiymətlndiridi.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında deyiirdi: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.”
1981-ci ildə oftalmologiyanın inkişafında ximətlərinə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçildi.
Zərifə xanım Əliyeva 1994-cü ildə əbədiyyətə qovuşdu, Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Prezident İlham Əliyev Zərifə xanım Əliyevanı qürurla xatırlayır: “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı”.
Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi geniş miqyasdaa qeyd olunur...
Akademik Zərifə xanım Əliyeva həmişə ehtiramlarla xatırlanacaq...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı