Zülmətlərə qalib gəlmiş qadın təbib haqqında bir neçə söz - MƏQALƏ

İslam inancında anaların ayaqlarının altı cənnətə bərabər tutulur. Bununla da ana müqəddəsliyi ilahi yüksəkliyə qaldırılır, səcdəgah kimi qəbul olunur. Bu ana ucalığını ömür-gün yoldaşına sədaqəti və qayğıkeşliyi ilə sayılıb-seçilmiş, həyatın bütün sahələrində kişilərlə bərabər zəka və hünər sahibi olmuş, cəmiyyətin sabahı üçün sağlam və tərbiyəli övladlar dünyaya gətirib böyütmüş qadınlar fəth etmişlər. Anaya sayğı və sevginin tükənməz mənbəyi də məhz onun insanlığa misilsiz xidməti, halal nüfuzudur.

Azərbaycan qadınının adını tarixə Vətən sevgisi, dərin ağlı, yüksək amalları və nümunəvi əməlləri ilə həkk etmiş Tomris kimi hökmdar, Sara Xatun kimi diplomat, Aləmşahbəyim kimi fədakar, Tutu Bikə kimi döyüşkən, Həcər kimi haqqsevər, Hənifə xanım kimi maarifpərvər soydaşlarımızın timsalı zəmanəmizdə ana və qadınlarımızın inkişafı üçün örnək olmaqla yanaşı, həm də geniş qapı açmışdır.

XX yüzillikdə elmi yaradıcılığa və ictimai fəaliyyətə cəlb olunmuş qadınlarımız bu tarixi şansdan bacarıqla yararlanmış, dünyanın sivil inkişaf göstəricilərini mənimsəyərək beynəlxalq aləmdə qadına yüksək münasibət bəsləyən və onu şərəfləndirən ölkə kimi tanıtmışlar. Akademik Zərifə xanım Əliyeva kimi.

Zərifə Əliyeva ötən yüzillikdə Azərbaycan qadınını elmi-mədəni yüksəlişin ön sırasına çıxarmış dəyərli və ləyaqətli qadınlarımızdandır.

Onun elmi-təcrübi fəaliyyəti insanlar üçün faydalılığı ilə təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək dəyərləndirilir. Azərbaycanın ilk qadın oftalmoloq akademiki səviyyəsinə yüksəlmiş Zərifə xanım dünya səhiyyəsində istedadlı, şəfqətli və humanist tibb xadimi kimi məşhurlaşmışdır.

Akademik Zərifə xanım Əliyeva oftalmalogiya sahəsində aktual axtarışları, elmi yenilikləri, səmərəli nəticələri ilə Azərbaycan qadınının hərtərəfli inkişaf etmiş, qlobal tibbi problemlərin həllində fəal iştirakı ilə fərqlənmiş mükəmməl obrazını formalaşdırmışdır. Onun şərəfli ömür yolu və elmi fəaliyyəti “Şərq qadını elmdə yox, ailə-məişət qayğılarının həllində fəaldır” kimi əsassız təsəvvürləri alt-üst etməkdə ən önəmli nümunədir.

Çoxillik yaradıcılığının əks olunduğu fundamental əsərləri ilə məşhurlaşan Zərifə xanım Əliyevanın elmi irsi öz dövründə olduğu kimi, bu gün də nəzəri və təcrübi baxımdan çox dəyərlidir.

Ümumiyyətlə, oftalmologiyanın inkişafına sanballı töhfələr vermiş Zərifə xanım göz xəstəliklərinin öyrənilməsi və müalicəsi sahəsində dövrün elmi çağırışlarını gecikmədən cavablandırmaqla bir sıra yeniliklərə imza atıb.

“Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəllifi olmuş Zərifə Əliyeva dünya tibb elminin inkişafında Azərbaycanın fəal iştirak nümunəsini yaratmışdır. 12 monoqrafiya, dərslik, o cümlədən dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olan Zərifə xanım öz məhsuldar əməyi ilə Azərbaycan oftalmologiya elmində öz məktəbini formalaşdırmışdır. O, bu irimiqyaslı fəaliyyəti ilə həm də Şərq qadınının dünya elmində mövqeyinin yüksəlməsinə sanballı töhfə vermişdir.

Bütün bunlarla yanaşı, müəllim, pedaqoq olaraq Zərifə xanım yüksək ixtisaslı kadrların hazırlanmasında, ölkəmizdə tibbin bu sahəsinin inkişafında da dəyərli xidmətlər göstərmişdir. Alim göz xəstəliklərinin müalicəsinə yeni yanaşması ilə beynəlxalq aləmdə səmərəli axtarışlara yön vermişdir.

Zərifə xanım dünya işığına həsrət qalmış xəstələr üçün ümid qapısı, şəfa ünvanı olmuşdur. Böyük təbib ona pənah gətirmiş xəstələrin ağrı-acısını, onlarla bərabər yaşayıb, istəklərini həssaslıqla duymuşdur. Müayinə və müalicə etdiyi xəstələrə sanki doğma, əziz insanlar kimi münasibət göstərmişdir. Ona görə də Zərifə Əliyevanın iş yeri humanizm, sevgi və mərhəmət dünyası olmuşdur. Yüksək peşəkarlıqla yanaşı, dərin humanizm də akademik Zərifə Əliyevaya təbabətdə olduğu kimi, cəmiyyətdə də xüsusi rəğbət qazandırmışdır. Zərifə xanım həkimlik davranışları ilə heç nəyə inamı qalmayan xəstələrə belə həyatı sevdirə bilmişdir. Belə ki, ümidsiz xəstələr Zərifə xanımla təmasda inam qazanmış, aldıqları müalicə və şəfqətdən qaranlığı yararaq aydınlığa qovuşmuşlar. Akademik Zərifə Əliyevanın həyatı bu baxımdan zülmət ilə mübarizədə keçmiş, insanların işığa həsrət gözləri ilə yanaşı, milli elmimizi də nura qərq etmişdir.

Bu il Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 iliyi ölkəmizdə və dünyada böyük təntənə ilə qeyd edilir. Zərifə xanımın həyatdan tez köçməsi ölkəmiz üçün, milli elmimiz üçün, səhiyyəmiz üçün böyük itki olsa da, ötən onilliklərdə xalqımızın böyük övladının unudulmaz obrazı sevə-sevə xatırlanır, qədirbilənliklə yad edilir.

Amma Zərifə xanımın tariximizdə yeri yalnız elmi nailiyyətlərlə məhdudlaşmır. Həkim, ictimai xadim Zərifə xanım Əliyeva nümunəvi qadın, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, cəfakeş ana olmuşdur.

Tariximizin bir örnəyi də ananın övladının bizə Vətəni cənnət olaraq yaşatmasıdır ki, Zərifə xanım bunu da bacarıb. Xalqımızın həm ictimai, həm də elmi həyatında xüsusi status qazanan ana var, akademik Zərifə xanım Əliyeva. İki yüz illik tariximizdə ilk dəfə xalqa qələbə yaşadaraq qürurumuzu özümüzə qaytaran şərəfli komandanın anası…

Bəşərin ən böyük dühası olan Azərbaycan qadının aliliyi, yüksək məqamı da elə budur!

Xüsusi olaraq “Report” üçün, Rəşad Mahmudov (Tibb elmləri doktoru, Milli Məclisin deputatı)