15 oktyabr Azərbaycan tarixinə qızıl hərflərlə düşdü

15 oktyabr Azərbaycan tarixində əlamətdar gündür. 2003-cü ilin bu günündə cənab İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. 20 il sonra – 2023-cü il 15 oktyabrda isə o, Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Bununla da, Prezident  20 il öncə xalqa verdiyi vədini – ölkənin ərazi bütövlüyünün təmin edilməsini başa çatdırdı. Bu gün Azərbaycan xalqı çox xöşbəxtdir. Biz xalq, dövlət olaraq bir nömrəli problemimizi həll etdik. Erməni separatizminin kökünü kəsdik, Qarabağı terrorçulardan təmizlədik. Şuşada, Xocalıda, Xankəndidə - bütün Qarabağda bayrağımızı qaldırdıq, hakimiyyətimizi, nüfuzumuzu bərpa etdik. Hazırda Qarabağda geniş quruculuq, tikinti işləri həyata keçirilir. Qaçqın və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdışı təmin edilir. Hər gün Bakıda və digər bölgələrdə olan məcburi köçkünlərimiz Füzuliyə, Laçına, Zəngilana yola salınır, evlərinin açarları onlara təhvil verilir. Sevinc göz yaşları içərisində izlədiyimiz bu görüntülər bizdə gələcəyə böyük ümid, inam yaradır. 

İndi bizim qarşımızda digər vəzifələr, missiyalar dayanır. Azərbaycanı daha da inkişaf etdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini daha da yüksəltmək, bütün bölgələrdə quruculuq işləri aparmaq, yeni iş yerləri açmaq üçün gözəl imkanlar yaranıb. Hər kəsə bəllidir ki, Qarabağ münaqişəsi, ərazilərimizin işğal altında olması, qaçqın və məcburi köçkün problemi bizim ümumi inkişafımızı müəyyən qədər ləngidir, tormozlayırdı. Cənab Prezidentin peşəkar idarəçiliyi, uzaqgörənliyi sayəsində o problemlər həllini tapdı və bizə inkişaf, tərəqqi üçün yeni üfiqlər açdı. 

Artıq Azərbaycanla dünyada hesablaşırlar. Azərbaycan güclü dövlətə çevrilib, qüdrətli Ordumuz var. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Son 20 il ərzində əldə edilmiş uğurlar o qədər çoxdur ki, onları bir yazıya, bir qəzetə, bir kitaba sığışdırmaq olmaz. 

Təkcə Vətən müharibəsi böyük bir qəhrəmanlıq salnaməsidir. Cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Hər bir şəhidimizin, qazimizin qəhrəmanlıqları barədə əsərlər yazmaq olar. Onlar böyük çətinliklə sıldırım qayaları, minalanmış əraziləri keçərək yaralı, ac-susuz halda Şuşanı terrorçulardan təmizlədilər. Hər bir qarış torpaq uğurunda böyük şücaət, mərdlik göstərdilər. 

Prezident İlham Əliyevin Qarabağın azad edilməsi üçün tarixi, siyasi şəraiti, əməliyyat planlarını zərgər dəqiqliyi ilə hesablamışdı. Bu zəfərin əsas memarı məhz İlham Əliyevdir. Cənab Prezident İlham Əliyev Xankəndidəki çıxışında təvazökarlıq edərək özünün bu qələbədəki rolunu qabartmadı. O çıxışında bildirdi ki, bu gün Xankəndidə olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”. 

Cənab İlham Əliyevin prezidentliyi dönəmində elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Gənc nəsilin vətənpərvər,  milli-mənəvi ruhda böyüməsi bizim qələbəmizi qaçılmaz etdi. 44 günlük Vətən müharibəsində gənclərimiz böyük həvəslə, coşqu ilə döyüşə gedirdilər. Ermənistandan fərqli olaraq bizim bir nəfər də olsun fərarimiz olmadı. Hətta elə bir əməliyyat, döyüş olmadı ki, orada hərbçilərimiz taktiki olaraq geri çəkilsinlər. Onlar ya qalib olurdular, ya da şəhidlik zirvəsinə ucalırdılar. Hərbçilərimizin qəhrəmanlığına başqa bir misal çəkək. Əsir düşən hərbçilərimizin heç biri sağlam deyildi. Onlar yaralı, huşlarını itirərək, yaxud da güllələri bitərək əsir düşürdülər. Ermənilər isə silah-suratları ilə birgə təslim olurdular. Budur Azərbaycan gəncinin, hərbçisinin qəhrəmanlığı, möhtəşəmliyi! Belə bir vətənpərvər gəncliyin, belə bir güclü Ordunun yetişməsinə, formalaşmasına görə biz cənab Prezidentə minnətdar olmalıyıq!

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı