Ağstafada bələdiyyə sədrinin torpaqları qanunsuz satdığı müəyyən olunub

Ağstafa rayonu, Tatlı kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.

Ağstafa rayon prokurorluğundan Sabahinfo.az-a verilən məlumata görə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək 2017-ci ildə ayrı-ayrı şəxslərə ümumilikdə 5 min manat məbləğində pul müqabilində hər biri 0,12 ha olmaqla torpaq sahəsi sataraq onları 2006-cı il tarixinə sənədləşdirib rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı etmişdir.

Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq davam edir.