Azərbaycan idarəçiliyinin devizinə çevrilmiş əsas prinsip 

Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən məmurlara bir sıra xəbərdarlıq etməsi idarəetmə sistemində yeni yanaşmanı ortaya qoymuş oldu. Rəhbər şəxslərin təvəzökar olması, özlərini aparma qaydaları və xalqa xidmət əsas prinsipdir. Dövlət başçısı çıxışı zamanı bunları xüsusi qeyd etdi: “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın”.

Dövlət başçısının “xalqla bir yerdə olmaq” çağırışı bölgələrdə fəaliyyət göstərən rəhbərlər üçün məsuliyyət və davranış modelini ortaya qoyur. Burada əsas meyyar şəffaflıq və ədalətdir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Elektrik enerjisi təchizatı, magistral və kənd yollarının bərpası, içməli su və suvarma layihələrinin icrası kimi sahələrdə əldə olunan nəticələr regionların sosial-iqtisadi mənzərəsini tamamilə dəyişib. Artıq işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bütün bölgələrdə enerji infrastrukturu yenilənib, su təchizatı və yol-kommunikasiya layihələri yeni mərhələyə qədəm qoyub. Dövlət investisiya proqramları hesabına həyata keçirilən bu layihələr həm də sosial sabitliyin təminatına xidmət edir.

Prezident İlham Əliyevin çıxışında əsas vurğulardan biri də sosial ədalət prinsipinin üstün tutulması idi. “Əsas prinsip sosial ədalət prinsipidir” deyən dövlət başçısı bir daha xatırlatdı ki, cəmiyyətin inkişafı, bölgələrdə sabitliyin və rifahın təmin olunması üçün ən mühüm amil ədalətin bərqərar olmasıdır. Hər bir kənddə, hər bir rayonda insanlar ədalətin varlığını hiss etməlidirlər. Sosial ədalət prinsipi vətəndaş məmnunluğunun təminatı olmaqla yanaşı, dövlətin legitimliyini və xalqın ona olan inamını möhkəmləndirən amildir. Prezident İlham Əliyevin “insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir” fikri bu baxımdan dövlət idarəçiliyinin ideoloji əsasını təşkil edir. Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, keçmişdə bəzi məmurların məsuliyyətsizliyi və mənfi davranışları bölgələrdə proseslərin düzgün istiqamətdə inkişafına mane olmuşdu. “Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb” – deyə Prezident İlham Əliyevin bu fikri həm keçmişin nəticələrinə obyektiv qiymət, həm də bu gün formalaşan yeni idarəçilik fəlsəfəsinin göstəricisidir. Bu yanaşma dövlətin şəffaflıq, hesabatlılıq və məsuliyyət prinsiplərinə əsaslandığını bir daha təsdiqləyir.

Nəticə etibarilə səslənən fikirlər Azərbaycan dövlət idarəçiliyinin gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin sözləri ilə desək, “böyük məsuliyyət böyük işlər tələb edir” bu, müasir Azərbaycan idarəçiliyinin devizinə çevrilmiş əsas prinsipdir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı