Azərbaycan Bayrağının Xankəndidə ucaldılması şanlı Zəfərin təntənəsidir - ŞƏRH

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltması tarixi hadisə oldu. Təqvimə qırmızı rənglə düşəcək bu tarixi gün həm də Azərbaycan Prezidentinin 20 illik gərgin, məqsədyönlü fəaliyyətinin nəticəsi, zəfər zirvəsi idi. Xalqına verdiyi bütün vədləri yerinə yetirən, sözü imzası qədər keçərli olan lider oktyabrın 15-də bizə Zəfərimizin təntənəsini yaşatdı. Müzəffər Ali Baş Komandan Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla iki yüz illik məkrli planın – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin qarşısını aldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev deyib.

Azərbaycan Prezidentinin Xankəndidə çıxışı zamanı həm Ermənistana, həm də bütün dünyaya mühüm mesajlar verdiyini diqqətə çatdıran deputat əlavə edib: “Prezident İlham Əliyev çıxışında xatırlatdı ki, yüz il bundan əvvəl Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bu, 100 ilin tarixidir. Bu 100 il ərzində xalqımız çox əzab çəkib, tarix bizi sınayıb. Əyilmədik, sınmadıq, torpaqlarımız işğal altına düşəndə, Xocalı soyqırımı kimi böyük faciə ilə təkbaşına üz-üzə qalanda heç kim bizim yanımızda dayanmadı, heç mənəvi dəstək də göstərmədi. Erməni separatizmi Azərbaycana böyük problemlər yaratdı, inkişafımızı bir neçə il yubatdı, əmin-amanlığımızı pozdu, vətəndaşlarımıza, ailələrimizə bəlalar, faciələr gətirdi. Biz, demək olar ki, üzləşdiyimiz faciələr qarşısında dəstəksiz, tək qaldıq. Heç kəs ermənilərə “dur” demədi, əksinə bizi güzəştli sülhə, işğal edilmiş ərazilərimizdən imtina etməyə məcbur edirdilər. Bütün bu təzyiqlərin, təhdidlərin qarşısında Azərbaycan sınmadı, məğlubiyyətə bərabər sülh sazişinə imza atmadı. İlham Əliyev Prezident seçildiyi ilk gündən məhz qələbə, zəfər üçün bütün gücləri səfərbər etdi. Əgər Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirmişdisə, İlham Əliyev xalqımızın sınmış qürurunu, tapdanan ləyaqətini özünə qaytardı, suverenliyimizi təmin etdi. Məhz Heydər Əliyev ənənələrinə, ideyalarına sadiq qalan Prezident İlham Əliyev Ulu Öndərin 100-cü ildönümünü Qarabağın tacı Şuşada qeyd etdi. Bu, Ulu Öndərin ruhuna, xatirəsinə və eləcə də vəsiyyətinə ən ali ehtiramın təcəssümü idi”.

Deputat qeyd edib ki, bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir. Bir vaxtlar Azərbaycan xalqına qarşı təhqir, təhdid, hədə üslubunda danışan, Bakıda çay içəcəyini deyən təlxəklər indi, həqiqətən də Bakıda çay içirlər, amma təcridxanada. Bir çox qüvvələr Azərbaycanın Qarabağdakı tarixi Qələbəsini, separatizmin kökünü kəsməsini, özlərini “prezident” adlandıran revanşistlərin həbs olunaraq təcridxanaya salınmasını qəbul edə bilmirlər, buna qısqanclıqla yanaşırlar. Düşünürlər, necə ola bilər ki, daha inkişaf etmiş, böyük dövlətlər separatizmin kökünü kəsə bilmir, separatçıları məsuliyyətə cəlb edə bilmir, amma Azərbaycan bunu bacarır? Onlar həm də ona təəccüblənirlər ki, Azərbaycan heç bir yaşayış binasını, məktəb və xəstəxanaları, infrastrukturları dağıtmadan, mülki əhaliyə heç bir xəsarət yetirmədən necə qələbə əldə edib? Azərbaycan Ordusu çox böyük peşəkarlıqla, ləyaqətlə, insani dəyərləri gözləməklə təmizləmə tədbirləri həyata keçirdi. Ali Baş Komandan ilk gündən əmr verdi ki, bizim hədəfimiz yalnız legitim hərbi birləşmələrdir, mülki əhali, yaşayış binaları deyil. Biz dünyaya ləyaqətli, ədalətli müharibənin necə aparıldığını nümayiş etdirdik. Bu, bizim milli kimliyimizdən, islami dəyərlərimizdən, eyni zamanda, peşəkarlığımızdan irəli gəlir.

“Prezident İlham Əliyev Xankəndidə Dövlət Bayrağını qaldırarkən həm də təvazökarlıq, nəciblik sərgilədi. Çıxışında bildirdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Əsl sərkərdəyə yaraşan bir çıxış etdi. O, əldə olunan Qələbəni xalqımızın, Ordumuzun adı ilə bağladı, özünü arxa planda qoydu. Halbuki, hər birimiz yaxşı bilirik ki, tarixi Zəfərin əsas memarı Ali Baş Komandandır. Bu Ordunu da, vətənpərvər gəncliyi də məhz o formalaşdırıb, yetişdirib. İndi bizim əsas missiyamız bu qüruru, şərəf və ləyaqəti əbədi olaraq qorumaq və yaşatmaqdır. Gələcək nəsillər bu şanlı tarixi fəxrlə öyrənəcəklər, qürur hissi keçirəcəklər. Biz keçirdiyimiz iftixarlıq və şükranlıq hisslərinə görə bu şanlı tarixin Sərkərdəsi, Müzəffər Ali Baş Komandanı İlham Əliyevə borcluyuq”, - deyə Cəbi Quliyev vurğulayıb.