Azərbaycan öz ərazi bütövlüyünü təmin edir: Laçın həsrəti bitdi

44 gün davam edən və Şanlı Qələbə ilə bitən Vətən müharibəsi bu gün də siyasi, diplomatik müstəvidə davam edir. Azərbaycan ötən müddət ərzində addım-addım öz mühüm vəzifəsinə doğru irəliləyir. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik bacarığı, ordumuzun rəşadəti sayəsində tədricən məqsədlərimizə nail oluruq. Və bu gün artıq Laçındayıq, Zabuxdayıq, Susdayıq! Bu xüsusi gündə xalqımızı, Laçınlıları təbrik edirəm! Biz böyük minnətdarlıq hissi ilə bütün şəhidlərimizi hörmətlə yad edir, qazilərimizə can sağlığı, müharibə iştirakçılarına, rəşadətli ordumuza təşəkkür edirik! Azərbaycan bundan sonra daha da inkişaf edəcək, xalqımız öz əzəli torpaqlarına qayıdacaq. Biz bu gün çox xoşbəxtik öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın əsrarəngiz diyarı olan Laçına qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! Tarix də sübut edirik biz öz haqlı mübarizəmizi aparırıq. BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsini Azərbaycan tək, öz gücünə yerinə yetirdi. İqtisadi imkanlarımız artmadan buna nail olmaq çətin olardı. Güclü ordu üçün, işğaldan azad edilən ərazilərimizin yenidən bərpası üçün, 30 ilə yaxın öz Vətənlərində məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın doğma yurdlarında firavan və təhlükəsiz yaşaması üçün iqtisadiyyatımızın inkişafı mühüm məsələ idi.

Müharibənin bitməsindən keçən qısa müddətdə bu qədər yolların, körpülərin, tunellərin çəkilməsi, sosial infrastrukturun qurulması, kəndlərin, şəhərlərin salınması, tarixi-dini irsimizin yenidən bərpa edilməsi, beynəlxalq hava limanlarının tikilməsi (Fizülidə istifadəyə verildi, Zəngilanda yaxın zamanda istifadəyə veriləcək, Laçında tikintinin layihəsi hazırlanır) bütün bunlar ölkəmizin iqtisadi potensialından, xalqımızın qurub-yaratmaq əzmindən xəbər verir. Azərbaycan həm də məsuliyyətli, ləyaqətli dövlət olduğunu bütün dünyaya sübut etdi. Belə bir güclü Azərbaycanla dünya ölkələri, beynəlxalq təşkilatlar da əməkdaşlıq etməyə hazırdır. Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın müddəalarına uyğun şəkildə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ölkəmizin iqtisadi, siyasi üstünlüyü, dövlət başçımızın qətiyyəti, iradəsi açıq-aydın görünür. Prezident İlham Əliyev elə bir müdrik və mükəmməl siyasət həyata keçirir ki, qarşı tərəf nə qədər əngəl, maneə yaratmaq istəsə də heç nəyə nail ola bilmir və bilməyəcəkdir. Çünki Ermənistan üzərinə öhdəlik götürüb və onu da yerinə yetirməlidir. Qeyd etmək lazımdır ki, yeni yolun marşrutu üçtərəfli bəyanata uyğun olaraq, müəyyən edilmiş və razılaşdırılmışdır. Bu yolun digər mühüm əhəmiyyəti ondan ibarətdir ki, Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmininə şərait yaratmaqla, ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım olacaqdır. Baxmayaraq ki, qarşı tərəf bütün razılaşma və öhdəliklərə əməl etmir və hər cür maneələr yaradırdı.

Buna qarşılıq olaraq Azərbaycan tərəfi növbəti dəfə konstruktivlik nümayiş etdirərək, yerli erməni əhalinin xahişini nəzərə alaraq, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər 4.7 km-lik müvəqqəti yolun tikintisinə istifadə olunmasına razı olmuşdur. Bu erməni əhalinin yeni marşrutdan problemsiz istifadəsinə imkan yaradacaqdır. Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilk növbədə beynəlxalq hüququn, ədalətin bərpasıdır. Belə ki, 1994-cü ildə həmin ərazilərdə qanunsuz məskunlaşmanın aparılması Ermənistanın müharibə cinayətlərinin növbəti təzahürüdür və Cenevrə Konvensiyalarının ciddi pozuntusuna yol verilmişdir. Buraya köçürülən erməni ailələri heç zaman Qarabağda, hətta Ermənistanda belə yaşamayıblar. Onlar Suriyada, Livanda yaşayan ermənilərdir. Ona görə də qarşı tərəfin apardığı bu qanunsuz məskunlaşma siyasəti müharibə cinayət olmaqla bərabər Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Və biz bu faktdan yararlanmalı və müvafiq təşkilatlar qarşısında məsələ qaldırmalıyıq. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Bütün Laçınlıları və Azərbaycan xalqını bir daha təbrik edirəm.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor Hicran Hüseynova