Azərbaycan və Qazaxıstan arasında  iqtisadi-ticari əməkdaşlıq genişlənir

Bu gün həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib. Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Son illərdə  Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev həyata keçirdiyi yüksək səviyyəli  xarici siyasəti ilə Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur. Azərbaycanın yeritdiyi siyasət əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanır və etibarlı, bərabərhüquqlu bir tərəfdaş kimi qəbul edilir.

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev eyni zamanda  türkdilli dövlətlərlə əlaqələrin daha da  dərinləşdirilməsinə böyük önəm verir. Azərbaycanla  Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə  Azərbaycanın Qazaxıstanla olan əlaqələrini misal göstərmək olar. Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır.

Qazaxıstan dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu hər zaman düzgün qiymətləndirir və ölkəmizlə hərtərəfli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun təşəkkül tapmasında  ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

24 avqust 2022-ci il tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və bu səfər çərçivəsində müxtəlif sahələr üzrə  20-dən çox sənədin imzalanması Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin yüksək səviyyəyə çatmasına kömək edəcəkdir.Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanmış Bəyannamə bu sənədlər içərisində xususi əhəmiyyət kəsb edir.  Bəyannamə iki ölkə arasındakı  əməkdaşlığın bir çox istiqamətlərini əhatə edir və gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcəkdir.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri  Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcəkdir. İki ölkə arasında  iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə və qarşılıqlı tədarüklərin artırılması baxımından geniş fikir mübadiləsi aparılmışdır. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühitinin olması  Azərbaycanda, Qazaxıstanda, eləcə də, başqa ölkələrdə birgə investisiya layihələrində iştirak etməyimizə gətirib çıxaracaqdır.

Bu səfər Azərbaycan və  Qazaxıstan arasındakı əlaqələrin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək və iki qardaş ölkə arasında münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri