Azərbaycanda yüksək intellektual, vətənpərvər ruhlu gənclər formalaşır

Hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Gənclər ölkəmizin bu günü, həm də gələcəyi, sabaha olan ümididir. 44 günlük Vətən Müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə tezliklə sağalaraq, cəmiyyətdə aktiv olmağı arzulayıram! Tək biz yox, bütün dünya  bir daha gördü ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır və ədalətin bərpası üçün vuruşur.  Qeyd edim ki, gənclərimiz təkcə döyüş meydanında deyil, bütün sahələrdə mübarizə aparırdı, virtual məkanda, ölkəmizin haqq mübarizəsini işıqlandırırdılar. Dünyanın müxtəlif ölkələrində yaşayan gəclərimiz Azərbaycan həqiqətlərini təbliğ edir, erməni terroru haqqında məlumatlar yayır, tədbirlər, yürüşlər keçirirdilər. Yüksək təşkilatlanma var idi. Bütün bunlar bir daha göstərdi ki, ötən illər ərzində çox güclü gənclik formalaşıb.Biz gənclərimizlə fəxr edirik!

Dövlətimizin inkişafı intellektual səviyyəli gənc kadrların yetişib avanqard  qüvvəyə  çevrilməsindən çox asılıdır. Azərbaycanda  gənclərin elm,  idman, mədəniyyət və digər sahələrdə irəliləməsi,  uğurlar  qazanması  üçün hər cür şərait yaradılıb. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır.

Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutmuş və bu milli adət-ənənəyə çevrilmişdir. Əfsuslar olsun ki, bəzən  bütün dünyada  bu mənfi tendensiyaların genişləndirilməsinə səy göstərilir və bu tendensiyadan yan qaçmaq istəyən və alternativ yollar axtaran ölkələrə təzyiqlər edilir. Burada bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev  milli vətənpərvərlik, milli mənəvi, mədəni və  ailə dəyərlərin qorunmasına xüsusi diqqət yetirir.  Cənab Prezident hər zaman deyir ki, gənclərimiz inkişaf etməli, yenilikçi, yaradıcı olmalı, daim irəli getməlidir. Lakin milli ruhu, dəyəri heç zaman unutmamalıdır.  Bu gün gənclərimiz daha aktiv olmalı, Azərbaycanı daha yüksək səviyyədə tanıtmalı, onun tarixini, mədəniyyətini təbliğ etməlidirlər. Biz isə onlara dəstək olmalı, həyata keçirmək istədikləri layihələrin reallaşmasına yardım göstərməliyik.

 26  il bundan əvvəl Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bu, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra gənclərlə, onun inkişaf strategiyası ilə bağlı ilk mühüm tədbir oldu. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu. Və artıq 25 ildir ki, bu gün qeyd olunur.  Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərlə olan münasibətini belə qeyd edir:“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” .

Ölkə əhalisinin 22,8 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin davamlı və sistemli şəkildə həyata keçirilməsi üçün  qanunvericilik bazası yaradılmışdır. Gənclərin rifahına xidmət edən mühüm Dövlət Proqramları. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər - “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər),“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”,“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı. təsdiq edilmişdir. Bu və bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulmuşdur. Gənclər Fondunun yaradılması ölkənin gənclər siyasətinin mahiyyət etibarı ilə yeni səhifəsinin başlanğıcıdır. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.

 Son 18 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox artmış, güclü sosial-iqtisadi infrastruktur yaradılmışdır. Bu isə əlbəttə ki, ailələrin sosial rifah halının yaxşılaşması, yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Bununla bağlı Prezident İlham Əliyevin dünən imzaladığı Sərəncama əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edildi. Növbəti on ildə  ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet həyata keçiriləcəkdir. Bu prioritetlər hər bir vətəndaşımızı əhatə etməklə, yanaşı onların həyat səviyyəsinin daha da artmasına, xüsusilə də gənclərin inkişafına, gənc ailələrin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaqdır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir.

Gənclər xalqımızın  ən böyük və qiymətli sərvətidir. Bizim borcumuz bu sərvəti qorumaqdır.  Ümummilli Liderin sözləri ilə desək,  “Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər”.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor