"Hələ heç nəyə nail olmamışıq"

"Qarabağ"ın futbolçusu Miçel Madera Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda PAOK-a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

sabahinfo.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun qələbə qolununun müəllifi olan oyunçu qrupdan çıxmaq şanslarını dəyərləndirib.

Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin oyun olacağını bilirdik. Bu görüşdə azarkeş dəstəyimiz də var idi. Çətin olsa da, sonda rəqibə qarşı layiqli mübarizə aparmaqla qalib gələ bildik.

İkinci hissədə meydana çıxdınız və cəmi bir neçə dəqiqə sonra qələbə qoluna imza atdınız...

- Qələbə qolunu vuracağımı gözləmirdim. Baş məşqçinin mənə şans verməsini gözləyirdim ki, komandama kömək edim. Şadam ki, həlledici qola imza atmağa nail oldum.

Artıq qrupdan çıxmaq şansınızın artdığını demək olar?

- Hələ heç nə dəqiqləşməyib. Biz sadəcə, kiçik bir üstünlük qazanmışıq.

- Hər halda komandanız tarixi bir uğura imza atmağa çox yaxındır...

- Biz hələ heç nəyə nail olmamışıq. Daha bir qələbə qazanmaq istəyirik. Yalnız ondan sonra "pley-off"a adladığımızı əminliklə söyləmək olar.

Artıq növbəti oyunda bu hədəfinizə çata bilərsiniz?

- Çətin olacaq. Çünki yenə səfərdə oynayacağıq.