“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri kimi çıxış edən amillərdən biri humanizmdir. Bu siyasətin mərkəzində duran insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsiplərindən ibarət olan dəyərlər sistemi Azərbaycanda cinayət-hüquq siyasətinin yalnız cəza mexanizmi kimi deyil, həm də tərbiyəvi, islah yönümlü bir institut kimi formalaşmasını təmin edib. Dövlət başçısının yanaşmasına görə, hüququn məqsədi insanı cəmiyyətdən təcrid etmək deyil, onu yenidən cəmiyyətə qazandırmaqdır. Bu baxımdan amnistiya təşəbbüsü humanizmin hüquqi müstəvidə ardıcıl və prinsipial tətbiqinin bariz nümunəsi kimi dəyərləndirilə bilər.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Millət vəkili həmçinin bildirib ki, cənab Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi ilə bağlı təşəbbüsü ümumbəşəri humanizm dəyərlərinə sadiqliyin dərin siyasi-fəlsəfi məzmununu ortaya qoyur: “2023-cü ildə Suverenliyimizin tam bərpası, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin olunması xalqımızın tarixində yeni mərhələnin əsasını qoydu. Bu tarixi qələbənin fonunda humanizm və mərhəmət ənənələrinə sadiq qalmaq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanmaq cənab Prezident İlham Əliyevin dövlətçilik baxışının mahiyyətini əks etdirir. Bu təşəbbüs eyni zamanda, cəzadan azad olunacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına və ölkənin inkişafına töhfə verəcəklərinə olan inamın ifadəsidir. İrəli sürülən təşəbbüs müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya aktı kimi xarakterizə olunur. Gözləntilərə görə, amnistiya ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Onlardan 5 mindən artıq məhkumun azadlıqdan məhrum etmə cəzasından azad olunması, 3 mindən çox şəxsin cəzasının azaldılması, minlərlə məhkumun isə azadlığın məhdudlaşdırılması və digər alternativ cəzalardan azad edilməsi nəzərdə tutulur. Bu miqyas amnistiya təşəbbüsünün yalnız hüquqi deyil, həm də dərin sosial-siyasi məna daşıdığını göstərir. Belə bir qərar dövlətin gücünün sərtlikdə deyil, ədalət və mərhəməti balanslaşdırmaq bacarığında təcəssüm olunduğunu bir daha sübut edir” – deyə, Novruzəli Aslanov açıqlamasını sona çatdırıb.