Bakı Dövlət Universitetində “Milli-mənəvi dəyərlərimiz varlığımızdır” adlı tədbir keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) "Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması" adlı layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. O qeyd edib ki, Tarixi təcrübə göstərir ki,  öz tarixinə, soykökünə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər tarixi prosesdə "əriyib" yox olmuş və tarix səhnəsindən birdəfəlik itmişlər. Ona görə ki, hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bir toplumun mövcudluğunun qorunub  saxlanmasi üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərini qoruyub saxlaması lazımdır.

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı çıxış edərək qonaqları salamladıqdan sonra, natiq sözünü davam edərək bildirib ki, bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Prezident İlham Əliyevin milli ideologiyaya dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Heydər Əliyev Fondunun milli dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətindəki geniş fəaliyyətini də xalqımız böyük minnətdarlıqla qarşılayır.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir. Qloballaşma heç də digər xalqlara məxsus dövlət-din modellərinin, adət-ənənələrinin, milli mentalitetimizə xas olmayan dəyərlərinin ölkəmizə idxalı deyildir. Biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı və səmimi dostluğu nəzərdə tutmaqla yanaşı, milli dövlətçiliyimizə, mənəvi dəyərlərimizə, Ulu Öndər Heydər Əliyevin bizə əmanət etdiyi Azərbaycançılıq məfkurəsinə sahib çıxmağı, milli mənliyimizi qorumağı nəzərdə tuturuq.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun aparıcı məsləhətçisi Elgiz İmanlı qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.

İqtisadi araşdırmalar və təhlil mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Radil Fətullayev çox maraqlı çıxışı ilə tədbir iştirakçılarını mövzu ilə tanış edib. Natiq qeyd edib ki, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər - vətən, doğma ocaq sevgisi, namus-qeyrət təəssübkeşliyi, vətənpərvərlik, böyük-kiçik, ədəb-ərkan, bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mədəniyyətimizdir. Öz qədim tarixi irsinə, milli-mənəvi, maddi-mədəni dəyərlərinə sadiq qalan hər bir gənc vətənə məhəbbət, torpağa sədaqət ruhunda tərbiyə olunmalıdır.Gənclərimizi düzgün istiqamətləndirmək, mənəvi tərbiyə aşılamaq, ailələrin, təhsil müəssisələrinin, söz sahibi olan insanların, ağsaqqalların, xüsusilə ziyalıların üzərinə düşür.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) İdarə Heyətinin üzvü, Uzman Dr Aydın Talışinskiy çıxış edərək bildirib ki, önəmli məqamlardan biri də milli-mənəvi dəyərlərimizin qloballaşma prosesi ilə qarşı-qarşıya qoyulmaması, onların bu prosesin içində əriməsinin qarşısını almaqdır. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Qloballaşma heç də milli-mənəvi dəyərlərimizdən imtina etmək deyil, əksinə, həmin dəyərlərin daha geniş arealda təbliği üçün böyük fürsətdir. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Natiq çııxışına davam edərək, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nin və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva öz fəaliyyətində Azərbaycan mədəni irsinin qorunub saxlanılmasına, dünya səviyyəsində, o cümlədən YUNESKO kimi nüfuzlu beynəlxalq qurumlar çərçivəsində milli mədəniyyətimizin unikal nümunələrinin təbliğinə böyük önəm verməsindən bəhs etdi. 

Tədbir tələbələrin sualları və maraqlı çıxışları ilə yekunlaşıb.