"Ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ailələrinə yüksək qayğının göstərilməsi bu gün dövlət siyasətinin prioritet məsələlərindən biridir. Bu prosesə hər bir bələdiyyə də maliyyə imkanları çərçivəsində öz dəstəyini göstərməli, onlara qayğı və diqqətini əsirgəməməlidir” - bu fikirləri Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bu gün bələdiyyənin inzibati binasında şəhid ailələrinin üzvləri ilə keçirilən görüşdə deyib.
Sədr görüşdə bildirib ki, hər zaman olduğu kimi Nərimanov Bələdiyyəsi bu proseslərdə daim aktiv şəkildə iştirak edir və bunu özünə borc bilir.
Sədr bildirib ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov Bələdiyyəsində işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.
Görüşdə həmçinin sədr bu gün ad günü olan şəhid ailəsinin üzvlərini təbrik edərək onların ailəsi ilə qürür hissi keçirdiklərini qeyd edib. Əlavə edək ki, ki bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin həyat yoldaşı Nazilə Nurdiəliyevanın və qəhrəmanın oğlu Ömər Nudirəliyevin və şəhid Ələddin Səidovun atası Azər Səidovun ad günlərini qeyd edirlər. Onların hər üçü həm də bələdiyyə qulluqçularıdır.
Sədr Təmraz Tağıyev onları təbrik edərək öz ürək sözlərini deyib.
Görüşdə çıxış edən şəhid ailəsinin üzvləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək Vətən müharibəsindəki Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını söyləyiblər.
Sonda Təmraz Tağıyev Nərimanov Bələdiyyəsi tərəfindən bundan sonra da hər daim şəhid və qazi ailələrinin müraciətlərinin müsbət qarşılanaraq operatv şəkildə öz həllini tapacağını xüsusi ilə vurğulayıb.