“Bakıda hər matç ağır olacaq”

"Azərbaycanda bizə rəqib olacaq yığmaları təhlil etməmişəm. Hazırda meydan sahibləri, Portuqaliya və Serbiya haqda məlumat toplamaqla məşğuluq”. Bu sözləri 17 yaşadək futbolçulardan ibarət Xorvatiya millisinin məşqçisi Peter Krpan deyib. Avropa çempionatının elit-raundunda Azərbaycan millisinin rəqiblərindən olan balkanlıların çalışdırıcısı martda baş tutacaq seçmə oyunları haqda fikirlərini açıqlayıb. Krpan bildirib ki, Azərbaycan, Portuqaliya, Serbiya ilə mübarizə apardıqları qrupda qalib gəlmək iddiasındadılar: "Lazım olan bilgiləri əldə etdikdən sonra zəruri təhlillər aparacağıq. Lakin indidən bilirik ki, Portuqaliya ilə mübarizə daha çətin olacaq. Çünki bu ölkədə daim yaxşı futbolçular olub. Lakin hədəfimizə çatıb, final mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik. Bunun asan olmayacağını da bilirik. Bakıda hər matç ağır olacaq”.
 Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya ilə martın 17-də qarşılaşacaq.