Bu xərclər büdcəmiz üzərində ciddi yük olacaq

Şuşa Bəyannaməsinin birilliyinə həsr olunmuş və Şuşada keçirilən beynəlxalq konfransı yüksək dəyərləndirirəm. 3 məqama görə.

Birincisi, bu tədbir demək olar ki, əksər müxalifət partiyalarının iştirak etdiyi ilk protokol tədbiri idi və bu bizləri birbaşa Şuşa prosesinin iştirakçısına çevirdi, müxalifətlə iqtidar arasında münasibətləri daha da sivilləşdirdi.

İkincisi, Vətən müharibəsində iqtidarla-müxalifətin milli məsələlərdə bir olduğunun heç də sarsılmadığını, əksinə daha da gücləndiyinin göstəricisi oldu. Bu isə özlüyündə aramızda zəif bənd axtarışını puça çıxardı. 

Üçüncüsü, Türkiyə müxalifət nümayəndələrinin də iştirakı prosesi Türkiyə iqitdar-müxalifət, Azərbaycan iqtidar-müxalifət prosesinə çevirməklə bütün çevrəmizə və dünyaya güclü mesaj göndərmiş oldu. Prosesin bu şəkildə getməsindən məmnunam, zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm. Birliyimiz heç sarsılmasın!

İndi isə digər vacib məsələ barədə.

Qarabağda gözəl quruculuq işləri gedir və buna çox sevinirik! Maşallah azad olunan ərazilərimiz də çox böyükdür. Bu boyda ərazinin dövlətin öz gücü ilə etməsi uzun zaman çəkə bilər. Həm də bu yükün hamısını dövlətin çəkməsi, zənnimcə doğru da deyil. Bu xərclər büdcəmiz üzərində ciddi yük olacaq. 

Dövlət yalnız ehtiyacı olanlara ev tiksin, şəhərləri salsın, bina evlərini tiksin. Kəndlərin tikintisi layihələndirilsin və imkanlı köçkünlər Qarabağın məskunlaşmasına cəlb edilsin. Aidiyyatı qurum layihələrin həyata keçirilməsinə, standartlara və təsdiq olunmuş layihələrə uyğun kənd evlərinin, biznes obyektlərin tikintisinə nəzarət etsin. Xalq birbaşa Qarabağın məskunlaşmasına cəlb olunsun. İnanıram ki, işğaldan azad olunan hər bir rayon və şəhərin əhalisinin 30 faizinin öz evini tikməyə gücü çatar. 
Dövlət yalnız infrastruktur layihələri həyata keçirsin, tikinti materialları bazarı yaratsın, Qarabağda olan tikinti materiallarının istehsalı və satışı üçün böyük layihələrin həyata keçirilməsi üçün iş adamlarına kredit versin, şərait yaratsın. Dövlət tikinti materiallarının münasib qiymətə istehsal və satışına kömək etsin. Bunu edəriksə, inanıram ki, üç il ərzində Qarabağı əsasən məskunlaşdıra bilərik. 
Mən aidiyyatı qurumlara müraciət edirəm ki, əgər belə planlar varsa, Milli Məclisin deputatlarını da məlumatlandırsınlar.

Fikir deyilə bilər ki, cənab Prezident icazəsiz bir daşın daş üstünə qoyulmamasını tapşırıb və bunu dəstəkləyirəm. Elə Bakı və ətrafnın xaosu gözümüz önündədir. Prezident bunu deyib. Necə gəldi tikinti yox, ancaq və ancaq planlı təsdiq olunmuş layihələr üzrə. Mən də bunu təklif edirəm. Təsdiq olunmuş layihələr üzrə imkanlı şəxslərə özlərinə, qohum-əqrəbasına ev tikməyə imkan verilsin. Təbii ki, çalışaq ki, bunlar birinci evləri olsun, daha tikib, qapısını bağlayıb şəhərə qayıtmasınlar. Hərçənd ki, bunu da qadağan etmək doğru olmaz. Mən xeyli insan tanıyıram ki, Bakıda evini, obyektini satıb Qarabağa köçmək istəyənlər var.

Razi Nurullayev,
Milli Məclisin deputatı