Dar gündə əl tutmaq, yardım etmək Azərbaycan xalqına xas olan xüsusiyyətdir

Dar gündə əl tutmaq, yardım etmək Azərbaycan xalqına xas olan xüsusiyyətdir. Dövlətimiz hər zaman ehtiyacı olan ölkələrə və xalqlara dəstəyini və yardımını əsirgəməyib. Yaxın zamanı götürsək, Azərbaycan tərəfindən pandemiya dövründə koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat diqqətə çatdırıb ki, ölkəmiz bu gün Ukraynada yaşanan böhrandan əziyyət çəkənlərə mütəmadi olaraq yardım göstərir. Ukraynadakı vəziyyətlə əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə bu il fevralın 27-də və martın 12-də Azərbaycan tərəfindən bu ölkəyə dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21,5 milyon manat olan (11,5 milyon avrodan artıq) 520 tona yaxın humanitar yardım göndərilib.

Ölkəmiz tərəfindən ukraynalı məcburi köçkünlərə növbəti yardımın aprelin 15-də göndərildiyini xatırladan Səbinə Xasayeva deyib: “Ukraynada yaşanan böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərə dəstək məqsədilə Azərbaycan dövləti tərəfindən aprelin 15-də dərman vasitələrindən ibarət humanitar yardım yola salınıb. 29 tonluq humanitar yardımın dəyəri 1,7 milyon manatdan çoxdur.

“Azərbaycanın xeyriyyəçilik ənənələrini qoruyub saxladığını vurğulayan deputat bildirib ki, Heydər Əliyev Fondunun xətti ilə Pakistanda zəlzələdən zərər çəkmiş məktəblər təmir edilib və bir sıra digər humanitar aksiya həyata keçirilib. Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin xətti ilə Pakistan da daxil olmaqla, Latın Amerikası, Afrika və Asiyada yerləşən ölkələrdə müxtəlif layihələr icra edilib, humanitar yardımlar çatdırılıb. Əminliklə söyləyə bilərik ki, nə qədər Azərbaycan dövləti var, onun qüdrəti də əskilməyəcək, xeyriyyəçilik ənənələri də”, - deyə Milli Məclisin deputatı vurğulayıb.