Deputat Səbinə Xasayeva Puta qəsəbəsində bir qrup vətəndaşı qəbul edib

2023-cü il aprelin 5-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Puta bələdiyyəsinin inzibati binasında bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.

Qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinə, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə və işıqlandırılmasına, 126 nömrəli marşrutun fəaliyyətinin yaxşılaşdırılmasına, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün qəsəbədə parkın qurulmasına, 184 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin sayının normadan xeyli artıq olmasını nəzərə alaraq məktəb üçün əlavə korpusun tikintisinə, əhalinin qaz və su ilə fasiləsiz təmin edilməsinə, qəsəbədə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsinə, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq proqramına cəlb olunmalarına, yeni iş yerlərinin yaradılmasına,işsizliyə görə ünvanlı dövlət sosial yardım almaq hüququnun təyin edilməsinə, işə qəbul olunmalarına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Qaradağ rayon icra hakimiyyəti başçisinin Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayaz Dünyamalıyev və Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı iştirak ediblər.