Goranboy rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Goranboy şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Milli Məclisin deputatı Anar Məmmədov, təşviqat qrupunun üzvləri Gündüz Hacıyev, Sayad Quliyev, Ülkər Hümbətova, Əzra Həşimova və Göyüş Nağıyev çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində əldə etdiyi uğurlardan, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunmuş böyük Qələbənin əhəmiyyətindən, yeni mərhələdə aparılan məqsədyönlü siyasətdən, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı geniş məlumat verilib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.