Könül Nurullayeva AŞPA-da qadınlar üçün ədalət və təhlükəsizlik mövzusunda çıxış edib

AŞPA-nın yay sessiyası davam edir. Milli Məclisin deputatı Könül Nurullayeva sessiya çərçivəsində “Sülh barışığında qadınlar üçün ədalət və təhlükəsizlik” mövzusuna həsr olunmuş müzakirələrdə çıxış edib. Deputat bildirib ki, bir sıra silahlı münaqişələrin olduğu və müharibə dövründə və müharibədən sonra qadınlara qarşı törədilən gender əsaslı zorakılıq, cinsi zorakılıq və digər insan hüquqları pozuntularının qaçılmaz hesab edildiyi bir dünyada yaşayırıq. Azərbaycan da uzun illər silahlı münaqişənin bütün mənfi tərəflərini yaşamış ölkələrdən biridir: “Son 30 ildə minlərlə azərbaycanlı qadın Qarabağ müharibəsi zamanı əziyyət çəkmiş və ya öz yurdundan didərgin düşmüş, məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. 2020-ci ilin payızında 44 gün davam edən müharibədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəticəsində regionumuzda yeni dövr başladı və qadınlar da həm sülhün yaradılması, həm də yenidənqurma proseslərində fəal iştirak etməyə başlamışdır.”

K.Nurullayeva qadınların üzləşdiyi problemləri aradan qaldırmaq üçün bəzi təkliflər səsləndirib. Bildirib ki, post-münaqişə dövründə ölkələrdə qadın təşkilatlarının yaradılması və inkişafı bu cəmiyyətlərdə qadınların üzləşdiyi problemlərin azaldılmasına yardımçı ola bilər: “Çünki, bu cür təşkilatlar bir tərəfdən qadınların liderliyinin təşviq edilməsinə və bununla da gender bərabərliyinin təmin olunmasına töhfə verir, digər tərəfdən, ən çox dəstəyə ehtiyac duyan şəxslərə, xüsusən də qadınlara humanitar və inkişaf yardımlarının göstərilməsində mühüm rol oynaya bilirlər. Bundan əlavə, düşünürəm ki, qadın liderlərin sülh proseslərini müzakirə etmək, münaqişə ilə bağlı cinsi zorakılıq mövzusunda təcrübələrini bölüşmək və qeyd olunan problemləri həll etmək məqsədilə xüsusi vasitələr və ya mexanizmlər irəli sürmək üçün görüşə biləcəyi səmərəli beynəlxalq platformalar da yaradılmalıdır. Hesab edirəm ki, beynəlxalq təşkilatlar hüquqi və texniki təlimat vermək, münaqişələrin əsas səbəblərini öyrənmək məqsədilə müharibə qurbanlarıyla, xüsusən də qadınlarla müzakirələr və sərhədlərarası qarşılıqlı əlaqələr təşkil etməlidirlər.”

Deputat bu xüsusda Bakıda təşkil olunan Qlobal Forumun əhəmiyyətini qeyd edib. Bildirib ki, dünyanın 50 ölkəsindən və nüfuzlu beynəlxalq təşkilatlardan nümayəndələrin qatıldığı bu forum artıq 9-cu ildir ki, Azərbaycanda keçirilir. Forum hər il müxtəlif sahələr üzrə bəşəriyyəti narahat edən məsələlərin həll yollarının müzakirəsi üçün əlverişli və universal platforma kimi diqqət cəlb edir: “Bu il “Qlobal dünya nizamına təhdidlər” mövzusunda təşkil olunan forumda sülh perspektivləri bir daha nəzərdən keçirildi. Regional və qlobal təhlükəsizliklə bağlı yanaşmalar ortaya qoyuldu. Təbii ki, əgər söhbət qlobal miqyasda sülh və təhlükəsizlikdən gedirsə, qadınların təhlükəsizliyi məsələsi də bilavasitə bu müzakirələrin tərkib hissəsi idi.

Əminəm ki, bütün qeyd olunan və digər bu kimi tədbirlər həyata keçirilsə və ən əsası, bu problemi həll etmək üçün həqiqətən istək olsa, münaqişədən sonrakı cəmiyyətlərdə qadınların da təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq”.