Bu gün, 17 noyabr Milli Dirçəliş Günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair, publisist Azadə Novruzovanın “Zəfər aşiqləri: Qarakilsə şəhidləri” kitabı kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz”, “Yaradıcı oxucularımız” və “Kitabxanaya kitab hədiyyə edirik” layihələri çərçivəsində nəşr olunub və kitabxanalara hədiyyə edilib.
Böyük Zəfərimizin beşinci və Dövlət Suverenliyi Gününün ildönümünə həsr olunmuş bu kitab ölkəmizin ərazi bötüvlüyü və suverenliyinin təmin olunmasında şəhid olan qəhrəman övladlarımızın əziz ruhlarına ithaf olunub.
“Zəfər aşiqləri: Qarakilsə şəhidləri” ensiklopedik topluda əslən Zəngəzur mahalının Qarakilsə rayonundan olan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun Ağudi, Comərdli, Urud, Şıxlar, Şəki, Qızılcıq, Sofulu, Ərəfsə, Dəstəyird, Murxuz, Vağudi, kəndlərinin vətənpərvər döyüşçülərinin bioqrafik məlumatları və fotoları, eyni zamanda müəllifin “Şəhidim: ovunmayan həsrət” başlıqlı məqaləsi də oxuculara təqdim olunur.
Kitabın ön sözündə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva qeyd edir ki, ötən əsrin əvvəllərində erməni millətçilərin azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımı hadisələri barədə həqiqətlərin dünyaya çatdırılması və bu məsələyə siyasi-hüquqi qiymətin verilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Milli Ordumuzun İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edilib. Ombudsman əldə olunmuş parlaq Zəfərdən sonra dövlətimizin həyata keçirdiyi sülh siyasəti nəticəsində Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı, onların hüquqlarının təmin olunması ilə bağlı da şəraitin yarandığı, bu kontekstdə qaçqın həyatı yaşamağa məcbur olmuş azərbaycanlıların və onların varislərinin qayıdış hüququnun təhlükəsiz formada təmin edilməsi, vurulmuş zərərə görə kompensasiya alması onların beynəlxalq sənədlərdə təsbit olunmuş fundamental hüquqları olduğu vurğulayıb.
Kitabın redaktorları AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri, t.ü.f.d., dosent Cəbi Bəhramov, t.ü.f.d., dosent, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova. rəyçilər t.ü.f.d., dosent Elmar Məhərrəmov və t.ü.f.d., dosent Bəxtiyar Həsənovdur.
Ombudsman Aparatının əməkdaşı, şair, publisist Azadə Novruzovanın müəllifi olduğu ensiklopedik toplu tarixi yaddaşımızın qorunub saxlanılması, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Kitab tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabı Yasamal rayonunun kitabxanalarında oxumaq olar.