Milli Mətbuat Günü – Azərbaycan Jurnalistikasının keçmişi və gələcəyi

Mətbuat hər bir millətin inkişaf etmiş təfəkkürünün formalaşmasında,elmin, təhsilin, mədəniyyətin təbliğində, cəmiyyətin maariflənməsində mühüm rol oynayan vacib amillərdən biridir. Azərbaycan mətbuatı XIX əsrin sonlarından başlayaraq müasir dövrə qədər ölkəmizin həyatındakı siyasi, sosial və mədəni dəyişiklikləri əks etdirərək əhəmiyyətli dərəcədə inkişaf etmiş,böyük bir təcrübə əldə edərək çağdaş dünya mətbuatında özünəməxsus yer qazanmışdır.

 Bu gün Azərbaycanda Milli Mətbuatın yaranmasından artıq 149 il ötür. Azərbaycan milli mətbuatının tarixi 1875-ci il iyul ayının 22-də görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin "Əkinçi" qəzetini nəşr etməsi ilə başlamışdır. "Əkinçi" qəzeti təhsil, mədəniyyət və kənd təsərrüfatı mövzularına böyük yer ayırmaqla yanaşı Azərbaycan dili və mədəniyyətinin təbliğində mühüm rol oynamışdır. "Əkinçi"nin nəşri Azərbaycanda müasir milli mətbuatın başlanğıcını qoymaqla bərabər medianın inkişafının da təməlini atmışdır.

 Belə ki, böyük ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzeti ana dilimizdə təsis edilmiş bununla da xalqımızın milli oyanışında yeni səhifə açılmışdır. “Əkinçi” qəzeti “Daxilyyə”, “Əkin və zirayət xəbərləri”, “ Elm xəbərləri” , “ Təzə xəbərlər” bölmələrindən ibarət idi. 56 sayı işıq üzü gördükdən sonra “Əkinci” qəzetinin insanları maarifləndirməsindən çəkinən çar Rusiyası 1877 – ci ilin sentyabrında qəzetin nəşrini dayandırmışdır. Qısa ömrünə baxmayaraq “Əkinçi” qəzeti Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, anadilli milli mətbuatın əsasını qoymuş və yeni anadilli qəzet və jurnalların işıq üzü görməsinə təkan vermişdir.

   XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan mətbuatı əhəmiyyətli dərəcədə inkişaf etmişdir. "Kəşkül", "Füyuzat", “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-Rus”, “Həyat”, “Dəbistan”, “Tazə həyat”, “Tərəqqi”, - “Həqiqət”, “Məktəb”, “Açıq söz” “İrşad” və "Molla Nəsrəddin" kimi qəzetlər və jurnallar yaranaraq siyasi, sosial və mədəni mövzuları əhatə edən məqalələrlə diqqət mərkəzində olmuşdular. Bununla yanaşı, Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan “ Kaspi” qəzeti də Həsən bəy Zərdabi istəklərinin daşıyıcısına çevrilmişdir. Bütün bu media orqanları milli ideyaların yayılmasında və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynamışdılar.

   1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan müstəqilliyini bərpa etdi ki, bu da ölkənin mətbuatı üçün yeni bir dövrün başlanğıcı oldu. Media azadlığının genişlənməsi müstəqil qəzetlərin, jurnalların və televiziya kanallarının yaranmasına imkan verdi. Bu yeni mətbuat azadlığı fərqli fikirlərin çoxalmasına və informasiyaya daha geniş çıxışa şərait yaratdı.

    1993 – cü ildən başlayaraq Ümumilli liderimiz Heydər Əliyev tərəfindən mətbuat sahəsində bir çox əsaslı islahatlar aparılmış, ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Bütün bu fəaliyyətin nəticəsi olaraq Heydər Əliyev jurnalistlərin dostu adını qazanmışdır. Ölkəmizin müharibə şəraitində yaşamasına baxmayaraq, Ulu Öndər əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə Kütləvi İnformasiya Vasitələri (KİV) üzərində dövlət senzurasını ləğv etmişdir.

   Ümumilli liderimiz Heydər Əliyevin siyasi irsinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən milli mətbuatı diqqət mərkəzində saxlamış, bu sahədə uğurlu və davamlı islahatlar həyata keçirmişdir. 2008 – ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunmuşdur. Bu Konsepsiyada Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri olduğu göstərilmişdir.

    Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırda respublikada müxtəlif qəzet və jurnallarla yanaşı internet qəzetçiliyi də inkişaf edərək Azərbaycan mətbuatınının qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilməsinə təkan verir.

    Tarixə qısa bir nəzər saldıqda, milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileylərinin Ümumilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müvafiq sərrəncamları ilə dövlət səviyyəsində geniş şəkildə qeyd olunduğunu görürük. Elə bu təşəbbüslərlə də milli jurnalistikamızın tarixinə verilən mühüm dəyəri bir daha xatırlayırıq.

Dövlətimizin başçısı İlham Əliyevin 2021 – ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı və bununla da, yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkminləşdirilməsinə təkan verildi.

30 dekabr 2021 – ci ildə qəbul olunmuş “ Media haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94 – cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun başlıca məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması, rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

Azərbaycan Respublikasında media subyektlərinə verilən böyük dəyər Konstitusiyamızda da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən azadlığın təməl prinsipi söz və mətbuat azadlığıdır.

Mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissələrindən birini də 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklik təşkil edir. Bu dəyişikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxsə, həmçinin ən azı 15 il jurnalist işləyən şəxsə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ verilir.

  Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 7 mart 2023-cü il tarixli Qanunla media subyektlərinə bir sıra vergi güzəşt və azadolmaları verilib, qeyd olunan qanunun qüvvəyə minməsi ilə bağlı dövlət başçısı 1 aprel tarixində müvafiq Fərman imzalayıb. Sənədə əsasən, 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilib. Həmçinin, rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Qanunvericilikdə edilmiş digər dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.Əsasən stimullaşdırıcı xarakter daşıyan bu dəyişikliklər gələcəkdə media subyektlərini daha çevik və iqtisadi fəallığa uyğun biznes qurmağa, bu sahədə rəqabət mühitini təmin etməklə bütövlükdə medianın inkişafını təşviq etməyə şərait yaradacaq.

 1997 – ci ildə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatı media subyektlərinə göstərdikləri sonsuz diqqət və qayğıya görə 2002 – ci ildə Ümumilli Lider Heydər Əliyevə, 2010, 2013, 2017 və 2018 –ci illərdə isə Prezident İlham Əliyevə tədqim edilmişdir. Azərbaycan Respublikasının Prezidentlərinə təqdim olunan bu mükafat ölkəmizdə mətbuatın iqtidra açıq olduğunu bir daha sübut edir. İnternet və rəqəmsal platformaların artması , məlumatın beynəlxalq səviyyədə yayılmasına və əldə edilməsinə imkan yaradır. Bununla yanaşı, milli maraqlarımızı qorumaq üçün təhlükəsizlik tədbirləri görülərək , dövlət sirləri və şəxsi məlumatların qorunması təmin edilir.

Müasir informasiya texnologiyalarının istifadəsi ilə informasiya resurslarının idarə edilməsi, cəmiyyətin müxtəlif təbəqələrinin məlumat əldə etməsinə imkan yaradır. Bu, şəffaflığı artırmaqla yanaşı vətəndaşların ölkədə baş verən proseslərdən xəbərdar olmasını təmin edir.

Azad söz cəmiyyətin demokratik inkişafı prosesində əsas amillərdən biridir. Azərbaycanda hakimyyətin xüsusi diqqət və qayğısı ilə yalan məlumatlara qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların doğru məlumat əldə etmək hüquqlarının təmin edilməsi və jurnalistikada etik qaydalara riayət olunması, ölkədə demokratik mühitin formalaşmasına əhəmiyyətli təsir göstərir.

 Vətəndaşların doğru və tam məlumat alma hüquqlarını təmin etmək Azərbaycan jurnalistlərinin əsas hədəflərindən biri olmalıdır. Dövlətimizin jurnalistləri, dövlətçilik maraqlarını uca tutmalı, şüurlu və milli mənafelərimizi qorumaq üçün yalan məlumatlara qarşı mübarizə aparmalı, jurnalistika sferasında etik dəyərlərə riayət etməli və cəmiyyətin etimadını qazanmalıdır.

 Kommunikasiya vasitələrinin transformasiyası və genişlənməsi ilə, informasiya resurslarımızın potensialının tam şəkildə istifadəsi vacibdir. İnformasiya resurslarının təkmilləşdirilməsi, milli təhlükəsizlik, iqtisadi və sosial inkişafın əsas elementlərindən biridir. İnternet və rəqəmsal platformaların artması, məlumatın beynəlxalq səviyyədə yayılmasına və əldə edilməsinə imkan verir. Son illərdə həyata keçirilmiş islahatlar media fıaliyyətinin qanunvericilik bazasının təkminləşdirilməsinə xidmət edir.

Azərbaycanın mətbuat azadlığı, ölkənin demokratik inkişafının təməl şərti olaraq, ölkəmizin hərtərəfli inkişafı və demokratiyanın təminatı üçün mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi, mətbuat azadlığı, demokratiyanın əsas sütunlarından biridir və Azərbaycanda aparılan siyasi islahatların əsas məqsədi də buna yönəlmişdir. Ölkəmizdə mətbuat azadlığının təmin olunması sahəsində ciddi addımlar atılır və bu sahədə böyük uğurlar əldə edilir.

 Azərbaycan mediyası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Qarabağ Zəfəri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın rolu böyükdür. Azərbaycan mediası, 44 günlük Vətən müharibəsi dövründə geniş və əhatəli məlumatlandırma işləri apararaq, informasiya müharibəsində öncül mövqedə olmuşdur. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsiylə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında,Vətən müharibəsinin uğurla nəticələnməsində, mətbuatın fədakar əməyinin rolu böyükdür.

44 günlük müharibə dövründə jurnalistlərimiz, peşəkarlıq və qətiyyət göstərərək, cəbhə bölgəsindən məlumatların operativ şəkildə çatdırılmasında mühüm rol oynamış, müharibə zamanı böyük təhlükələrlə üzləşsələr də, fədakarcasına işlərini davam etdirmişdilər. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin sübutudur.

 2020-ci il dekabrın 10-da Bakı şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmış , 2021-ci il fevralın 1-də isə Milli Məclis tərəfindən təsdiq edilmişdir. Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq, iki ölkənin informasiya sahəsindəki mübarizələrində birlik və həmrəyliyin göstəricisidir. Bu əməkdaşlıq çərçivəsində, iki ölkənin mətbuat nümayəndələri, birgə informasiya mübadiləsi apararaq, doğru və dəqiq məlumatların yayılmasını təmin edir , dezinformasiyaya qarşı mübarizə aparırlar. Bu Memorandum iki ölkənin media sahəsində qarşılıqlı əməkdaşlığının və strateji tərəfdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 Azərbaycan mətbuatı, həm ölkədaxili, həm də beynəlxalq səviyyədə demokratiyanın, zəfərin və informasiya təhlükəsizliyinin qorunmasında mühüm rol oynamağa davam edir. Azərbaycanın mətbuat azadlığının inkişafı və jurnalistlərin fədakarlığı, ölkəmizin demokratik dəyərlərinin möhkəmləndirilməsində əvəzsizdir.

 Azərbaycan mətbuatı 1875-ci ildə ilk qəzetinin nəşrindən bəri uzun bir yol keçmiş, illər ərzində çoxsaylı çətinliklərlə üzləşsə də, azadlıq və müxtəliflik baxımından əhəmiyyətli irəliləyişlər əldə etmişdir. Milli Mətbuat Günü bu uğurları xatırlamaq , ifadə azadlığı və informasiya əldə etmək hüququnun hər kəs üçün təmin edildiyi bir gələcəyə doğru çalışmağa təşfiq etmək üçün mühüm bir tarixdir.

Şübhəsiz ki, cənab Prezident İlham Əliyevin sonsuz diqqət və qayğısı ilə Milli Mətbuatımız günü – gündən inkişaf edərək uğur qazanmağa davam edəcəkdir.

Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri