Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
Azərbaycan və Tacikistanın dövlətlərarası münasibətləri hazırda ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı fəaliyyətin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır.
Mayın 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev iki ölkə arasında olan yüksək əlaqələrdən bəhs etdi. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün konkret addımların atdıldığını bildirən ölkə başçısı sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret tapşırıqların verildiyini vurğuladı.
Bəyanatında Prezident İlham Əliyev səfər zamanı imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsinə diqqət çəkərək qeyd etdi ki, Bəyannamədə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ölkəmizə rəsmi səfəri zamanı Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənəd imzalanıb. İmzalanmış sənədlər Azərbaycan-Tacikistan münasibətlərinin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.
Mətbuata verdiyi bəyanatı zamanı ölkəmizdə keçirilən Tacikistanın Mədəniyyət Günlərini ikitərəfli münasibətlərdə mühüm hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev qeyd etdi ki, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcək.
Azərbaycan-Tacikistan əlaqələrinin yüksək səviyyədə olmasının əsas səbəblərindən biri də ölkə rəhbərlərinin şəxsi dostluq münasibətləri və intensiv qarşılıqlı səfərləridir.