Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsisi, 2020-ci ili “könüllülər ili” elan edilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.
Hazırda Azərbaycan gəncliyi ölkəmizdə aparılan davamlı islahatların əsas kadr bazası kimi çıxış edir. Dövlət rəhbəri gəncləri müxtəlif yüksək dövlət vəzifələrinə irəli çəkir. Onlara etimad göstərir. Gənclərin simasında idarəetmə sistemi zamanın çağırışlarına uyğun dəyişir, ölkə həyatına mütərəqqi meyllər daxil olur. Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə ölkəmizdə aparılan inkişaf proseslərinə töhfə verir. Ümummilli lider Heydər Əliyevin yaratdığı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının sıraları da gənclərin hesabına genişlənir və YAP gənclərin qarşısına xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, ictimai həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur.
Xalqımızın Vətən müharibəsində tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Xalqımızın övladları canları-qanları bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edirlər.
Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Azərbaycanın igid oğulları bu qəhrəmanlıqları real həyatda göstərdilər. Canları-qanları ilə tarix yazdılar. Göstərdilər ki, belə övladları olan, cəsur, mərd qəhrəmanlar yetişdirən Vətən heç vaxt yenilməz.
Azərbaycan bundan sonra hər birimiz üçün həm də igidlərimizin mərdliyinə, fədakarlığına görə dəyərlidir. Ölümsüz qəhrəmanlarımızın yaddaşlarda qalan silinməz izləri ilə müqəddəsdir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı