Novruzəli Aslanov: “Azərbaycan-Tacikistan münasibətlərinin strateji xarakteri region ölkələri üçün mühüm əhəmiyyət kəsb edir”

“Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin daha da möhkəmləndirilməsidir. O cümlədən Azərbaycanın hazırda Mərkəzi Asiya ölkələri ilə münasibətləri yeni mərhələdə yüksək dinamika ilə inkişaf edir. Bu gün Azərbaycan və Tacikistan həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın xüsusilə ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Tacikistan Prezidenti Emoməli Rəhmonun may ayının 23-də Azərbaycana etdiyi dövlət səfəri də Azərbaycan-Tacikistan əməkdaşlıq əlaqələrinin inkişafına və daha da dərinləşməsinə böyük töhfə olmuşdur. Bu səfər cənab Prezident İlham Əliyev tərəfindən iki ölkə arasında münasibətlərin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsət kimi dəyərləndirilmişdir. Azərbaycan ilə Tacikistan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci il martın 15-də isə “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Ölkələrimiz arasında indiyədək imzalanmış ikitərəfli sənədlər əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsi və tamamlanması baxımından xüsusi önəm kəsb edir.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat fikirlərini davam etdirərək bildirib ki, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən hadisədir: “Mayın 23-də mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev Azərbaycan ilə Tacikistan arasında yeni imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinin əsasında dost xalqlarımızın iradəsinin dayandığını vurğuladı. Qeyd olundu ki, bu Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir və hər iki ölkənin yerləşdikləri regionların inkişafına xidmət edir. İmzalanmış sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Əlbəttə ki, bu gün dünyada və regionlarımızda gedən geosiyasi dəyişikliklər, durmadan dəyişən vəziyyət dövlət başçılarının apardıqları müzakirələrdə önəmli yer alıb. Azərbaycan və Tacikistan Prezidentləri regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə ediblər. O cümlədən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələlər ətraflı şəkildə nəzərdən keçirilib. Qeyd olunmalıdır ki, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq və qardaşlıq xarakteri ilk növbədə dövlət başçılarının şəxsi təmaslarından qaynaqlanır. Prezidentlərin Tacikistan və Azərbaycanda müntəzəm təmasları qarşılıqlı fəaliyyətin ən mühüm amilidir və bu amil münasibətlərin zənginləşməsinə güclü təkan verir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.