"Klaviatura qəhrəmanları"nın yağışdan siyasi divident əldə etmək xülyası puç oldu”

"Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntıları və bunun nəticəsində yaranan müvəqqəti çətinlikləri siyasi spekulyasiya predmetinə çevirməyə çalışan anti-milli ünsürlərin canfəşanlığı növbəti rəzalətdir. Dövlətin uğurlarına kölgə salmaq istəyən bu "klaviatura qəhrəmanları" doğurdanmı anlamırlar ki, təbiət hadisələri qarşısında heç bir ölkə, hətta dünyanın ən nəhəng iqtisadiyyata malik ölkələri belə sığortalanmayıb?"

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, biz Avropanın mərkəzində, ABŞ-də, ən müasir infrastruktura malik Dubayda sel sularının şəhərləri necə iflic etdiyini, yolların çökdüyünü, insanların çarəsiz qaldığının şahidi olmuşuq:

“Vətəni satıb, harınlıqdan köpük qusan anti-milli ünsürlər təbiət hadisəsindən siyasi divident qazanmaq xülyasındadırlar. Bu, mənəviyyatsızlığın, çirkabın içində boğulub, öz xalqına və dövlətinə xəyanət edənlərin əsl simasıdır”.

 

Deputat bildirib ki, Azərbaycan dövləti ilk dəqiqələrdən etibarən bütün resurslarını səfərbər edib:

“Cənab Prezident İlham Əliyevin tapşırığı ilə müvafiq qurumlar, Fövqəladə Hallar Nazirliyi, aidiyyatı icra strukturları və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışır. Fəsadların aradan qaldırılması üçün aidiyyəti üzrə bütün qurumlar zəruri tədbirlər görürlər.

Anti-Azərbaycan qüvvələrin hədəfi dövləti nüfuzdan salmaqdır. Özünü bloger adlandırıb, Vətənə dil uzadanlar birdəfəlik dərk etsinlər ki, Azərbaycan dövləti hər bir vətəndaşının təhlükəsizliyini təmin edəcək qədər güclü və qüdrətlidir”.

Günay Ağamalı hesab edir ki, yağıntılardan sui-istifadə edib, dövlətimizə dil uzadan qaragüruhu, bəd xislətli manqurtları xalq heç zaman bağışlamayacaq:

“Xalqımız dövlətimizin ətrafında sıx birləşib və maneələri dəf etməyə qadirdir. Boşboğazlıq edib, şər-böhtan atmaqda pərgar olanlara cavabımız qətidir. Xalqın birliyi sizin bütün çirkin ssenarilərinizi necə ki, darmadağın edib, bundan sonra da edəcək”.