Prezident İlham Əliyev “ Evronews”kanalına müsahibəsində COP29-la bağlı vacib məqamlara aydınlıq gətirdi

Aparılan uğurlu daxili və xarici siyasət kursunun nəticəsində Cənubi Qafqazın siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan uzun illərdən bəridir bir çox beynəlxalq tədbirə, dünya əhəmiyyətli konfranslara ev sahibliyi etmişdir. Belə ki,Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu, IV İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərəkatı və digər tədbirlər məhz Azərbaycanda keçirilmişdir. Azərbaycan torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa etdikdən sonra beynəlxalq arenada öz nüfuzunu daha da artırmışdır. Təsadüfi deyil ki, ölkəmiz bu il daha bir mühim beynəlxalq tədbir- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməyə hazırlaşır.

    Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi şübhəsiz ki,Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsidir. Bu böyük miqyaslı, beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizin paytaxtında keçirilməsi Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurlarından biri hesab oluna bilər.

   Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması hər zaman xüsusi diqqət mərkəzində olmuşdur. Ötən dövr ərzində bu istiqamətdə dövlətimizin başçısı tərəfindən dövlət proqramları təsdiq edilmiş, müvafiq fərman və sərəncamlar imzalanmışdır. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır və hər zaman bu qlobal əhəmiyyətli məsələ ilə bağlı ən yüksək səviyyədə təmsil olunaraq öz töhfələrini verməyə çalışır.

     Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq layihələr təklif edir. Ölkəmiz eyni zamanda regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Təbii ehtiyyatlarla yanaşı Azərbaycanın alternativ enerji potensialı da yüksək dəyərləndirilir.Xüsusilə son illərdə günəş və külək enerjisinin istehsalı sahəsindəki uğurlar bu istiqamətdə əldə olunan nailiyyətlərin ən gözəl sübutudur. Bu baxımdan COP29-un ölkəmizin “yaşıl enerji” siyasətinə verdiyi töhfələr çox önəmli olacaq. Belə geniş miqyaslı tədbirin Azərbaycanda keçirilməsi həm də çox əhəmiyyətli siyasi hadisədir və ölkəmizin dünyada artan nüfuzuna müsbət təsir göstərəcək.

      Bu ilin aprel ayının 26-da Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmişdir. Cənab Prezident tədbir çərçivəsindəki çıxışında COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın qlobal tədbirə hazırlığının fəal mərhələdə olduğundan bəhs etmişdir.

    Tədbirdən sonra Cənab Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibə verərək COP29 ilə bağlı sualları cavablandırmışdır.

    Cənab Prezidentin vurğuladığı ilk məsələ, Azərbaycanın 4 il müddətində ev sahibliyi etdiyi “Qoşulmama Hərəkatı” ilə əlaqədar olmuşdur. Azərbaycan 2011- ci ildən bəridir bu təşkilatın üzvüdür. Qoşulmama Hərəkatı özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu və Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. Prezident İlham Əliyev bu təşkilata 4 il sədrlik etmənin Azərbaycana qazandırdığı əvəzsiz təcrübədən danışmışdır. Ölkəmiz aktiv şəkildə Avropa İttifaqı ölkələri ilə birgə işləyir, artıq üzv ölkələrin doqquzu ilə “ Strateji tərəfdaşlıq Bəyənnaməsi” imzalayaraq qəbul etmişdir. Elə bu da, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə fəal işləməsinə və həmrəylik prioriteti əsasında beynəlxalq tədbirlərə sədrlik etməsinə şərait yaradır.

      Cənab Prezidentin müsahibə zamanı vurğuladığı məsələlərdən biri də, qlobal əhəmiyyətə malik məsələlərin tədbirdə müzakirə ediləcək əsas istiqamətlərdən biri olacağı ilə əlaqədardır.O xüsusilə iqlim dəyişikliyi probleminin öhdəsindən gəlmək üçün həmrəyliyin,ortaq məsuliyyətin vacibliyinə diqqət çəkmiş,təbii sərvətləri olan ölkələri mühakimə etmək əvəzinə bu ölkələrin imkanlarından və maliyyə potensialından istifadə edərək məsələnin həllində daha mühim addımlar atmağın vacibliyini qeyd etmişdir.Eyni zamanda Azərbaycanın OPEK+ üzvü olan ölkə kimi bu işdə öz töhfəsini verməyə hər zaman hazır olduğunu bildirmiş,yaşıl dünyaya doğru əlavə və davamlı konkret addımlar atmağın bu böyük tədbirdən vacib miras olaraq qalacağını vurğulamışdır.

     Prezident İlham Əliyev müsahibəsi zamanı COP üçün yenilik olan üçtərəfli əməkdaşlıq formatının yaradılması haqqında Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs haqqında da məlumat vermişdir.Regional,iqtisadi,siyasi məsələrdə fəal iştirak edən BƏƏ-nin,Azərbaycanın və Braziliyanın təcrübələrindən yararlanaraq yeni üçtərəfli əməkdaşlıq mexanizmin yaradılmasının qlobal problemlərin həllində əhəmiyyətli addım olacağını bildirmişdi.

   Əminliklə qeyd edə bilərik ki, ölkəmiz bu mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq, ekoloji gündəliyə sadiqliyini bir daha nümayiş etdirəcək və bununla da dünya siyasətində fəal və konstruktiv mövqeyini yenidən sübuta yetirmiş olacaqdır.

                                                                                                    Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.