Prezident münasibətlərin inkişafını daim xüsusi diqqətində saxlayır

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2022-ci il 21 iyun tarixində Özbəkistan Respublikasına dövlət səfəri etməsi ölkələrimiz arasında strateji əməkdaşlıq səviyyəsində olan münasibətlərin yeni mərhələyə keçidini şərtləndirdi. Qeyd etmək lazımdır ki, Azərbaycan-Özbəkistan münasibətlərinin hər zaman yüksək səviyyədə olması Ulu Öndər Heydər Əliyevin də xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən idi. Prezident İlham Əliyev Daşkənddə, Heydər Əliyev Meydanının açılışı mərasimində etdiyi çıxışında dediyi kimi, Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Əlbəttə ki, bu hörmət də ilk növbədə Ulu Öndər Heydər Əliyevin özbək xalqına bəslədiyi böyük sevgidən qaynaqlanır. Hələ 1970-ci illərdə də ümummilli lider Heydər Əliyevin Şərəf Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi. 1990-cı illərdə də Ulu Öndərin İslam Kərimovla dostluğu xalqlarımıza məlum idi və bu dostluqlar ölkələrimiz arasında münasibətlərin bugünki inkişafının təməli oldu”. SİA xəbər ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi bütün Türk dövlətlərinin güclənməsinə böyük töhfədir: “Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Əlbəttə ki, bu iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi bütün Türk dünyasının güclənməsinə xidmət edir. Buna nail olmaq üçün də ilk növbədə qarşılıqlı əlaqələr intensivləşməlidir. Bütün istiqamətlərdə, o cümlədən iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr əldə olunmalıdır. Bu yolla ticari-iqtisadi sahədə ciddi inkişafa nail ola bilərik. Bu gün müasir qloballaşan dünyada yaranmış vəziyyəti nəzərə almaqla hər bir ölkə özünün müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Bu, xüsusilə təbii resursları zəngin olan ölkələrə aiddir. Buna görə də Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində atılacaq əlavə addımlar hər iki ölkənin təhlükəsizliyinin və hərbi qüdrətinin yüksəlməsinə səbəb olacaq. Sirr deyil ki, bu gün hər iki ölkənin xalqları kənar təhdidlərlə üzləşməli olurlar. Buna görə də bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacibdir”, - deyə A.Naxçıvanlı bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrıldığının daha bir təsdiqidir: - “Dövlət başçımızın Özbəkistana rəsmi səfəri zamanı aparılmış danışıqlar və imzalanmış sənədlər bir daha əyani olaraq təsdiq edir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin daha da inkişafını xüsusi diqqətində saxlayır. Mətbuata verdiyi bəyanatında Azərbaycan Prezidenti bir daha vurğuladı ki, müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərin gələcək inkişafı üçün əsas olacaq. Möhtərəm dövlət başçımız xüsusi olaraq qeyd etdi ki, Azərbaycan və Özbəkistan arasında imzalanmış Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə bu istiqamətdə gələcək fəaliyyətin yol xəritəsi rolunu oynayır. Bu sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri öz əksini tapıb, eləcə də dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub. Həmçinin bu mühüm tarixi sənəddə həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Faktiki olaraq, imzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır,” – deyə Aqiyə Naxçıvanlı öz fikirlərini yekunlaşdırıb. yap.org.az