“Ölkə Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan dövlətinin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin növbəti bariz təzahürüdür”.
Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
O, bildirib ki, müasir dünyada güclü dövlət anlayışı yalnız siyasi və hərbi imkanlarla deyil, həm də insan hüquqlarına, ləyaqətinə və sosial ədalətə göstərilən münasibətlə ölçülür. “Bu təşəbbüs göstərir ki, Azərbaycan hüquqi dövlət modelini formalaşdırarkən milli maraqlarla yanaşı, beynəlxalq humanitar dəyərləri də əsas prinsip kimi qəbul edir. Amnistiya qərarı ilə dövlətin cəmiyyətə verdiyi mesaj bundan ibarətdir ki, hüquq sistemi cəza mexanizmi olmaqla yanaşı, eyni zamanda insanı islah etməyə, ona ikinci şans verməyə xidmət etməlidir.”
Millət vəkili vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ardıcıl və sistemli şəkildə həyata keçirilir: “Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar real idarəetmə praktikası ilə tamamlanır, sosial yönümlü qərarlarla möhkəmləndirilir. Amnistiya təşəbbüsü bu baxımdan hüquqi mexanizmlərin insan taleyinə həssas münasibətinin nümunəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sübut edir ki, qanunun aliliyi ilə insan amili bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan anlayışlardır. Dövlət hüququ qoruyur, lakin onu vicdan və ədalət prinsipləri ilə icra edir. Xüsusilə Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də qadınlara, yaşlılara və yetkinlik yaşına çatmayanlara münasibətdə fərqləndirilmiş yanaşma ədalətin ən ali formasını ifadə edir. Bu yanaşma hüququn mexaniki tətbiqindən deyil, onun vicdanla icrasında ifadə olunan mahiyyətinin önə çəkilməsindən qaynaqlanır. Dövlət cəmiyyət qarşısında xüsusi xidmətləri olan şəxslərin taleyinə həssaslıqla yanaşaraq sosial ədalətin canlı nümunəsini ortaya qoyur. Bu amnistiya təşəbbüsü yalnız hüquqi akt deyil, həm də milli həmrəyliyi gücləndirən, cəmiyyətlə dövlət arasında mənəvi bağları möhkəmləndirən mühüm siyasi və humanist addımdır”