Qüdrətli Azərbaycan və Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsidir

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin vəfatından 20 il ötür. Bu dahi şəxsiyyətin ölməz ideyaları, xalqımıza miras qoyduğu zəngin irs Azərbaycanın dünənində, bu günündə və gələcəyində əbədiyaşarlıq hüququ qazanmışdır. 
Heydər Əliyev xalqımız və dövlətçiliyimiz qarşısında misilsiz xidmətləri ilə adını Azərbaycan tarixinə parlaq hərflərlə yazdırmış, tariximizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyevin adı bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Ümummilli Liderin özünün də dediyi kimi, nə qədər ki Azərbaycan var, Heydər Əliyev də daim var olacaqdır. 
Böyük şəxsiyyətlər, liderlər onları fərqləndirən bir çox məziyyətlərə sahib olurlar. Təmsil etdiyi toplumu, cəmiyyəti, xalqı öz ətrafında və kollektiv mənafe uğrunda birləşdirmək, səfərbər etmək liderlərə xas olan ən əhəmiyyətli bacarıqlardan biridir. Ulu Öndər Heydər Əliyev də hər zaman xalqına inanan, xalqın dəstəyindən güc alan, xalqı milli məqsədlər naminə yumruq kimi birləşdirməyi, xalqın, Vətənin taleyini öz taleyinə çevirməyi bacaran böyük lider idi. Dövrün gerçəklikləri, zamanın tələbləri və şərtləri dəyişsə də, Heydər Əliyev üçün məqsəd hər zaman bir olmuşdur: öz xalqının firavan gələcəyini təmin etmək. "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub" deyən Heydər Əliyev bütün mənalı ömrüboyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışmışdır. Harada olmasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq, onun nəbzi Vətənin nəbzi ilə bir vurmuş, istedadını, bilik və bacarığını milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, Azərbaycan xalqının inkişafına sərf etmişdir. Möhtərəm Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. 

 

Ötən əsrin 70-ci illərində yaradılmış potensial və icra edilmiş layihələr bu gün də müstəqil Azərbaycana xidmət göstərir

 

Sirr deyil ki, 1969-cu ilin iyul plenumu ərəfəsində Azərbaycan keçmiş ittifaq miqyasında ən geridə qalmış aqrar respublikalardan biri idi. Respublika həyatının bütün sahələrində ciddi geriləmə baş vermiş, iqtisadiyyat və sosial sahədə dərin böhran meyilləri yaşanmışdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra isə vəziyyət köklü surətdə dəyişmiş, artıq 80-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin yüksək idarəçilik bacarığı, yenilməz iradəsi, düşünülmüş və uzaqgörən qərarları sayəsində keçmiş ittifaqda ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. 
Respublikada həyatın bütün sahələrində müsbət dəyişikliklər, iqtisadiyyatda əsaslı artım dinamikası baş vermiş, insanların maddi rifah halı yaxşılaşmışdır. Respublikanın ictimai-siyasi və mədəni həyatına mənfi təsir göstərən meyillər aradan qaldırılmış, ənənəvi təsərrüfat sahələrinin səmərəli fəaliyyətinin bərpası ilə yanaşı, yeni istehsal sahələri yaradılmışdır. Məhz o illərdə formalaşmış çox möhkəm sənaye potensialı və icra edilmiş infrastruktur layihələri bu gün də müstəqil Azərbaycana xidmət göstərir.
Milli mənafenin, xalqın maraqlarının zaman və məkan fərq etmədən və nəyin bahasına olursa-olsun, dönmədən müdafiəsi Heydər Əliyevin xarakterində təcəssüm tapan üstün xüsusiyyətlərdən olmuşdur. Biz bunu Ulu Öndərin ötən əsrin 70-ci illərində milli ruhun oyanması istiqamətində atdığı qətiyyətli addımlarda çox aydın görürük. Həmin dövrdə respublikanın sosial-iqtisadi həyatında sürətli tərəqqinin baş verməsi ilə yanaşı, elm, təhsil və mədəniyyətin inkişafı, zamanın mürəkkəb konyukturasına və şərtlərinə baxmayaraq, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində görülən tədbirlər azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başlamasına, milli birliyimizin ideya əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin zənginləşməsinə şərait yaratmışdır. Həmin dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda və Moskvada Azərbaycanın tanınmış ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlarla qiymətləndirilmiş, abidələri ucaldılmış, minlərlə azərbaycanlı gənc SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə göndərilmiş, azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə, respublikada hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilmişdir. Ulu Öndərin qətiyyəti nəticəsində Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə bağlı müddəa 1978-ci il Konstitusiyasına daxil edilmişdir. Həmin dövrdə yaradılmış milli ideoloji əsas sonrakı illərdə xalqımızın müstəqillik mübarizəsinin zəfər çalmasında baza rolunu oynamışdır. Ona görə də, biz həmin dövrdən bəhs edərkən, onu respublikanın inkişaf tarixində dönüş mərhələlərindən biri kimi xarakterizə edirik. 

 

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik, bütün varlığı ilə xalqını sevən qətiyyətli lider

 

Əlbəttə, Heydər Əliyevin yüksək şəxsi keyfiyyətləri və Azərbaycanda onun rəhbərliyi ilə əldə edilmiş uğurlu nəticələr onun keçmiş ittifaq miqyasında da nüfuzunun getdikcə artmasını və ittifaq rəhbərliyinə qədər yüksəlməsini şərtləndirmişdir. Heydər Əliyev 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə çalışarkən keçmiş ittifaq miqyasında ən böyük layihələrə, strateji əhəmiyyətli tədbirlərə məhz Heydər Əliyev rəhbərlik etmiş, üzərinə götürdüyü vəzifələri layiqincə yerinə yetirmişdir. Bu vəzifədə də onun Azərbaycanın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, qəbul etdiyi qərarlar ölkəmizin inkişafına xidmət etmişdir. Heydər Əliyev respublikamızdakı prosesləri daim diqqət mərkəzində saxlamışdır. 
1987-ci ilin oktyabrında Heydər Əliyev Sov. İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib M.S.Qorbaçovun yürütdüyü yanlış xəttə, onun anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Bu istefadan sonra xalqımız üçün bir çox problemlər, çətinliklər başlamış, respublikamıza qarşı o vaxta qədər Heydər Əliyev amilinin qarşısına sədd çəkdiyi təxribat planları, məkrli iddialar baş qaldırmışdır. Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidlər, separatçı meyillər geniş vüsət almış, 1990-cı ilin 20 yanvar tarixində isə Azərbaycan xalqına qarşı qanlı qırğınlar törədilmişdir.
20 Yanvar hadisələrinə ilk etiraz səsini ucaldan, informasiya blokadasını yararaq, baş verən hadisələri beynəlxalq ictimaiyyətə çatdıran məhz Heydər Əliyev olmuşdur. Həmin vaxt özünün və ailə üzvlərinin həyatlarına təhdidlərə, təzyiqlərə baxmayaraq, Ulu Öndər hadisənin ertəsi günü - yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqımıza qarşı törədilən cinayəti pisləmiş, onun törədilməsi səbəblərini, təşkilatçılarının, günahkarlarının adlarını açıq mətnlə bəyan etmiş və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə etmişdir. Bununla da Ümummilli Lider tərəfindən bütün dünya ictimaiyyəti bu böyük faciə haqqında tam detalları ilə məlumatlandırılmışdır. Heydər Əliyev qanlı cinayətə etiraz olaraq, daha bir cəsarətli addım ataraq, kommunist partiyasının sıralarını tərk etmişdir. Dövrün şərtlərini nəzərə alanda əmin olursan ki, bu qərarı yalnız Heydər Əliyev kimi böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan, bütün varlığı ilə xalqını sevən qətiyyətli bir lider qəbul edə bilərdi.

 

Heydər Əliyevin muxtar respublikaya rəhbərliyi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış qərarların qəbulu ilə yadda qaldı 

 

Bu hadisələrin ardından Ulu Öndər 1990-cı il iyulun 20-də Bakıya döndü. Lakin respublikanın o vaxtkı rəhbərliyi onun Bakıda yaşamasına imkan verməmiş və iyulun 22-də Heydər Əliyev doğulduğu Naxçıvan Muxtar Respublikasına getmişdir. Möhtərəm Prezident İlham Əliyev bu barədə danışarkən, Ümummilli Liderin muxtar respublikaya üz tutmasını tarixin hökmü adlandırmışdır. Çünki sirr deyil ki, Naxçıvan o vaxt çox ağır vəziyyətlə üzləşmişdi. Muxtar respublikanın işğal edilməsi erməni separatçılarının və onların havadarlarının Azərbaycana qarşı məkrli planlarına daxil idi. Ulu Öndər Heydər Əliyev isə Naxçıvana qarşı təxribat planlarını alt-üst edərək, muxtar respublikanı qorumağa nail olmuş və növbəti dəfə xilaskarlıq missiyasını yerinə yetirmişdir.
Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik, Azərbaycanın tarixində qızıl hərflərlə yazılmış bir sıra qərarların qəbul olunması ilə yadda qalmışdır. Məhz bu dövrdə Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Ali Məclisinin - ovaxtkı Ali Sovetin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı elan edilmiş, eyni qərarın Azərbaycan Ali Soveti tərəfindən də qəbul olunması üçün vəsatət qaldırılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın Ali Məclisinin adından "sovet" və "sosialist" sözlərinin çıxarılması haqqında qərar qəbul edilmişdir. 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis olunması haqqında da qərar qəbul olunmuşdur. Həmin dövrdə SSRİ-nin saxlanması məqsədilə respublikada keçirilən referendum Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda boykot edilmiş, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycan Ali Sovetinin 1991-ci il sentyabrın 8-nə təyin etdiyi prezident seçkilərinin muxtar respublikanın ərazisində keçirilməsi dayandırılmışdır.
Bu dövrdə muxtar respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görülmüş, siyasi böhran aradan qaldırılmış, iqtisadi islahatlar həyata keçirilmişdir. Hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirilmiş, keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verilmişdir. 1992-ci il noyabrın 21-də isə Azərbaycanın müasir siyasi sisteminin formalaşması üçün tarixi hadisə baş vermişdir. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin siyasi həyatında çox mühüm bir hadisəyə çevrilmiş, YAP yeni demokratik ənənələrin formalaşmasında öncüllük etmişdir. 

 

Onun taleyinə xilaskarlıq missiyası yazılmışdır

 

Tarix öz xalqına, dövlətinə uğurla rəhbərlik etmiş bir çox böyük şəxsiyyətlərin fəaliyyətinə şahidlik etmişdir. Amma xalqının xilaskarı olmuş çox az sayda şəxsiyyətlər, liderlər vardır ki, Heydər Əliyev bu sırada öndə dayanır. Xalqımız zamanın sınaqları ilə üz-üzə dayananda, Azərbaycan dövlətçiliyi təhlükə qarşısında qalanda onu xilas etmək missiyasını həyata keçirmək məhz Ulu Öndər Heydər Əliyevin taleyinə yazılmışdır. 
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra ilkin dövrlərdə baş verən hadisələr bu gün çoxlarımızın yadındadır. Ölkədə cərəyan edən gərgin ictimai-siyasi hadisələr həyatın bütün sahələrində dərin böhran yaratmış, respublikada siyasi və hərbi vəziyyət daha da gərginləşmişdir. Hərbi hissələrdə nizam - intizamın zəifləməsi, orduda vahid komandanlığın və təşkilatçılığın olmaması Ermənistanın işğalçılıq siyasətinin və ərazilərimizin işğalının daha da genişlənməsinə gətirib çıxarmışdı. Respublikanın bir çox rayonlarında qanun pozuntuları, hakimiyyətə yaxın qrupların özbaşınalığı, hərc-mərclik və zorakılıq halları artmışdı. O dövrdə hakimiyyəti qəsb etmiş qüvvələr Azərbaycanın üzləşdiyi problemləri aradan qaldırmaq iqtidarında deyildilər. Beləliklə, baş verənlər fonunda 1993-cü ilin may-iyun aylarında ölkədə siyasi böhran son həddə çatmış, respublika vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək  təhlükəsi ilə üz-üzə qalmışdı.
Belə bir şəraitdə Azərbaycan xalqının yeganə ümid yeri Heydər Əliyev idi. Heydər Əliyev deyirdi ki, rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun. Azərbaycan xalqının 1991-1993-cü illərdə yaşadığı məşəqqətlərə nəzər yetirəndə, bu fikrin nə qədər dəyərli və əsaslı olduğunu bir daha dərk edirsən. Və ona da qəti əmin olursan ki, Heydər Əliyev özünün kərpic-kərpic, ilmək-ilmək hördüyü, qurub yaratdığı Azərbaycanın müstəqilliyinin bərpasından sonra xalqımıza liderlik, ölkəmizə rəhbərlik etməyə mənəvi haqqı olan yeganə şəxsiyyət idi. Çox təəssüf ki, müstəqilliyin bərpasının ilk illərində Heydər Əliyev Azərbaycanda hakimiyyətdə deyildi. Tam əminliklə deyə bilərik ki, əgər o zaman hakimiyyətdə olan səriştəsiz liderlərin yerinə, sükanın arxasında məhz Ulu Öndər olsaydı, Azərbaycan o dövrdə üzləşdiyi problemləri, çətinlikləri yaşamazdı. 
Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı. Çünki Ulu Öndər bütün həyatını xalqına həsr etmiş, xalqımızın parlaq gələcəyi naminə misilsiz fədakarlıqlar göstərmiş böyük vətənpərvər idi. O, parlaq siyasi fəaliyyətinin hər bir mərhələsində, fərqli ictimai-siyasi, iqtisadi, mədəni və ideoloji şəraitdə xalqımıza və Azərbaycana ləyaqətlə xidmət etmişdir. Heydər Əliyev böyük siyasət ustası, yüksək təşkilatçılıq bacarığına malik rəhbər, ən mürəkkəb zamanlarda belə doğru qərarları qəbul etmək gücündə olan böyük lider idi. Və təbii ki, Azərbaycan xalqı bunları bilirdi, yüksək qiymətləndirirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Xalq ona böyük dəstək verirdi, o da gücü xalqın inamından, məhəbbətindən alırdı". Və Azərbaycan xalqı tarixi sınaq, seçim qarşısında qalanda özünün inandığı, güvəndiyi liderə - xalqı düşdüyü bu bəlalardan xilas etmək üçün Ulu Öndər Heydər Əliyevə müraciət etdi.

 

Azərbaycan parlamentarizm tarixinin Heydər Əliyev zirvəsi

 

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi Azərbaycan tarixinə "Milli Qurtuluş Günü" kimi daxil olmuşdur. Bu, kifayət qədər obyektiv və əsaslı bir dəyərləndirmədir. Çünki Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə xalqımızın xilası, qurtuluşu baş tutmuş, onun yüksək idarəçilik məharəti və qətiyyətli siyasi mövqeyi sayəsində Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxmışdır. 
Azərbaycan parlamentarizminin ən parlaq tarixinin də müəllifi məhz Heydər Əliyev olmuş, bu dövrdə qanunvericilik orqanının fəaliyyətində dönüş yaranmışdır. Ulu Öndər Heydər Əliyevin parlamentə rəhbərliyi sözsüz ki, bütün diqqətləri qanunvericilik orqanının üzərinə cəmləmiş, xalqın nəzərləri bura yönəlmişdi. Çünki Heydər Əliyevin respublikanı xilas etmək üçün keçirdiyi bütün görüşlərə, qəbul edilən bütün qərarlara məhz Milli Məclis evsahibliyi etmişdir. 15 iyun tarixinə qədər parlamentdə siyasi intriqalara, hakimiyyəti zəbt etmiş qrupların çəkişməsinə, məzmunsuz müzakirələrə vərdiş etmiş ictimai rəy üçün Heydər Əliyevin formalaşdırdığı nizam-intizam, demokratik mühit, siyasi mədəniyyət tamamilə yeni bir mənzərə idi. Artıq Ulu Öndərin rəhbərliyi ilə parlament özünün qanuni funksiyalarını və vəzifələrini yerinə yetirməyə, milli maraqları müdafiə edən demokratik bir təsisat kimi özünü göstərməyə başlamışdır. 
Bu dövrdə qanunvericilik sahəsində bir çox mühüm addımlar atılmış, ordu quruculuğu sahəsində vacib qərarlar qəbul edilmişdir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edilmiş, baş verən hadisələrə hüquqi, siyasi qiymət verilməsi istiqamətində müvafiq qərarlar qəbul olunmuşdur. 
Heydər Əliyev Azərbaycan parlamentinin rəhbəri kimi, ictimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görməyə, vətəndaş həmrəylinin, ictimai - siyasi sabitliyin əsaslarını yaratmağa başlamışdı. Parlamentdə aparılan müzakirələrin xalqa olduğu kimi təqdim olunması, cəmiyyətin baş verənlər haqqında müfəssəl məlumatlar əldə etməsi üçün iclasların, parlament tədbirlərinin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması, televiziya efirindən canlı yayımlanmasına şərait yaradılmışdı. Ulu Öndər Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını müəyyənləşdirir, keçirdiyi görüşlərdə ölkəmizin mənafeyini qətiyyətlə müdafiə edirdi. O, mədəniyyətin, elmin və təhsilin inkişafına da böyük diqqət yetirir, alimlərlə, gənclərlə görüşlər keçirir, onlarla ölkənin gələcəyi barədə fikirlərini bölüşürdü. 
Beləliklə, Azərbaycan parlamentarizm tarixinin Heydər Əliyev zirvəsi kimi dəyərləndirdiyimiz bu dövrdə ölkəmizin demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyulmuşdur. 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmiş, bununla da Azərbaycanın dövlətçilik tarixində yeni və möhtəşəm bir mərhələ başlamışdır.

 

Azərbaycanın sabitlik və inkişaf dövrü, öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələ

 

"Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan dövlətçiliyi qarşısında duran və uğurla icra olunan vəzifələri bu fikirlərlə ifadə etmişdir. Möhtərəm Prezident İlham Əliyev isə bu dövrü Azərbaycanın sabitlik və inkişaf dövrü kimi xarakterizə etmiş, bu illərin xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələ kimi dəyərləndirmişdir. 
Heydər Əliyev Azərbaycanın strateji hədəflərini dəqiqliklə müəyyənləşdirmiş, yeni, beynəlxalq norma və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesinə başlayarkən ölkəmizin gələcək inkişafı baxımından ən doğru qərarı qəbul edərək, ölkəmizin demokratik inkişaf və bazar iqtisadiyyatı yolu ilə irəliləyəcəyini bəyan etmişdir. Bu dövrdə ölkəmizin müstəqilliyinə qarşı törədilmiş təxribat cəhdlərinin və separatçı meyillərin qarşısı alınmış, Azərbaycanda ictimai-siyasi sabitlik təmin edilmiş, çoxşaxəli islahatlara start verilmişdir. Yeni iqtisadiyyat quruculuğu, sosial müdafiənin gücləndirilməsi, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkənin yeni enerji strategiyasının icrasına başlanılmışdır. Azərbaycanın uğurlu xarici siyasət strategiyası müəyyənləşdirilmiş və icra olunmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmlənməyə başlamışdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl tədbirlər reallaşdırılmış, ölkədə insan hüquq və azadlıqlarının, qanunun aliliyinin başlıca prinsiplərinin bərqərar olması üçün möhkəm əsaslar yaradılmış, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyası qəbul edilmişdir. Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, fikir və ifadə azadlığı təmin edilmiş, demokratik institutların formalaşdırılması və inkişafına etibarlı zəmin yaranmışdır. 
O, milli kimliyimizi milli qürur mənbəyinə çevirən böyük azərbaycanlı idi. Onun "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" nidası dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının devizinə çevrilmişdir. 
Bəli, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdə imzası, zəhməti vardır. Onun ən böyük xidmətlərindən biri isə şübhəsiz ki, yeni əsrdə və yeni minillikdə başlatdığı islahatların, əldə olunan nailiyyətlərin davamlılığının, uğurlu dövlət idarəçiliyinin, siyasi varisliyin hüquqi, demokratik yolla təmin olunmasının həyata keçirilməsi idi. Bununla da ölkəmizin gələcək uğurlarına möhkəm təminat yaranmışdır. 2003-cü ildən Heydər Əliyev ideyalarının, siyasi xəttinin ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirmiş, özünün çoxəsrlik dövlətçilik tarixində ən böyük nailiyyətləri qazanmışdır.
2003-cü ildə "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir", - deyən, möhtərəm Prezident İlham Əliyev Heydər Əliyevin yaratdığı möhkəm təməllərə istinad edərək, onun yolunu, siyasətini davam etdirmiş, yeni əsrdə, yeni tarixi şəraitdə Azərbaycan dövlətçiliyi qarşısında duran bütün taleyüklü məsələlərin həllinə nail olmuşdur. Bu gün Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində möhtəşəm uğurlar qazanmış, dünyada layiqli yerini tutmuş, etibarlı bir dövlətə çevrilmişdir. Azərbaycanın təşəbbüsləri çox geniş bir coğrafiyada əks-səda doğurur, dəstək və minnətdarlıqla qarşılanır. Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirir, ölkəmiz nəqliyyat habına çevrilir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə yaradılan dialoq və əməkdaşlıq platformaları bir sıra dövlətləri qlobal dünyanı narahat edən problemlərin həlli ətrafında bir araya gətirir. 

 

Heydər Əliyev ideyalarının həyata keçirilməsinə və onun irsinin geniş təbliğ olunmasına misilsiz töhfələr

 

Ümummilli Lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsində, xalqımızın milli sərvəti olan Heydər Əliyev irsinin geniş təbliğ olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi və Ulu Öndərin adını daşıyan Fondun misilsiz xidmətləri vardır. Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Fondun fəaliyyətinin əsas qayəsini təşkil edir və bu çoxşaxəli fəaliyyət Azərbaycanın inkişafına müstəsna töhfələr verir. Hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxşaxəli tədbirlər elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya da daxil olmaqla, həyatın bir çox sahələrini əhatə edir. 
Fond tərəfindən reallaşdırılan layihələr nəticəsində yeni və müasir məktəblərin, xəstəxanaların tikintisi Azərbaycanda təhsil, səhiyyə infrastruktunun əsaslı şəkildə yenilənməsinə töfhə verir. Bu günə qədər istifadəyə verilən yüzlərlə belə müəssisə vətəndaşlara daha yaxşı təhsil və səhiyyə xidməti göstərilməsində əvəzsiz rol oynayır. O cümlədən, ölkəmizdə bir sıra sosial problemlərin həlli, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək Heydər Əliyev Fondunun aliməramlı fəaliyyətinin əsas istiqamətlərindəndir. Heydər Əliyev Fondu ona üz tutan insanlara ümid olur, onların gümanlarını boşa çıxarmır. Mədəniyyət və incəsənət xadimlərinə, yaradıcı potensiala malik insanlara dəstək göstərilməsi, Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğ olunması, qədim mədəniyyət ənənələrimizin tanıdılması istiqamətində həyata keçirilən tədbirlər Fondun ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətinə əhəmiyyətli töhfələridir. Bundan başqa, ölkəmizin beynəlxalq nüfuzunun artırılması ilə bağlı görülən işlər, bu məqsədlə çoxsaylı kitabların çap olunması, təbliğat materiallarının hazırlanması və yayılması, sərgilərin, elmi-praktik konfransların, simpoziumların təşkili Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında vacib rol oynayır. 

 

Heydər Əliyevin ömür yolu xalqa, dövlətə xidmət etməyin rəmzinə çevrilmişdir

 

Bəli, bu gün Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər, qalib ölkədir. Azərbaycan öz suverenliyini, müstəqilliyini qorumağa qadir bir dövlət olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur"  deyən Ulu Öndər Heydər Əliyevin də arzuları çin olmuşdur. Heydər Əliyev həmişə inanırdı və qətiyyətlə bəyan edirdi ki, işğal altında olan torpaqlarımız azad olunacaq. O, işğalın müvəqqəti olduğunu və Azərbaycan xalqının öz dədə-baba yurdlarına qayıdacağını əminliklə bildirirdi. İndi Ulu Öndərin ruhu şaddır! Çünki bu gün Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalanır.
Ulu Öndər Heydər Əliyev xalqımızın milli qürur və iftixar mənbəyidir. Müstəqil Azərbaycan dövləti Ulu Öndərin indiki və gələcək nəsillərə ərməğanı, onun zəngin və əvəzsiz irsi xalqımızın milli sərvətidir. Əgər bu gün müstəqil Azərbaycan dövləti yaşayırsa, inkişaf edirsə, Azərbaycanın qazandığı uğurlar, ölkənin təqviminə yazılan sonsuz nailiyyətlər ilk növbədə Heydər Əliyevin ölməz ideyaları ilə bağlıdır. 
Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. İndi hər birimizin qarşısında bu böyük liderin əsasını qoyduğu siyasətin, ideyaların uğurla davam etdirilməsinə töhfə vermək kimi məsuliyyətli bir vəzifə dayanır. Heydər Əliyevin ömür yolu, onun Azərbaycan xalqına fədakarlıqla, ləyaqətlə xidməti Vətəni sevən hər kəs üçün xalqa, dövlətə xidmət etməyin rəmzinə çevrilmişdir.

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri