“Regionda bütün iqtisadi imkanlar bizdən asılıdır”

2020-ci il 10 noyabrda Azərbaycanın qələbəsi regionda söz sahibini birdəfəlik müəyyən etdi. Hazırda regionda bütün hərbi əhəmiyyət daşıyan yüksəkliklər, strateji mövqelər, iqtisadi imkanlar tam Azərbaycanın nəzarətindədir, bölgədə yüksək səviyyədə hazırlanmış və təhciz olunmuş 100 minlik ordumuz var, bütün iqtisadi imkanlar bizdən asılıdır. Bütün bu amillər milli maraqlarımızı təmin etmək üçün həlledici məqamdır. Zatən, maraqlarımız da addım-addım təmin olunur.

 

“Xeber 7” məlumat verir ki, bu fikirləri Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirmişdir.

 

T.Mirkişili qeyd etmişdir ki, “Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiyanın sülhməramlı qüvvələri də ölkəmizin beynəlxalq hüquqa əsaslanan, yeni reallıqlara söykənən milli maraqlarına mane ola bilməz, bu onların heç missiyası da deyil, əminəm ki, onlar da bunu anlayır, bu missiyanı bəzən tam yerinə yetirməyəndə belə. Ərazilərmizin erməni terrorçularından təmizlənməsi bizim daxili işimizdir. Ona görə, son zamanlar, sülhməramlıların əsl görməli olduqları işlərə daha çox istiqamətlənmələri təqdirə layiq haldır, ümid edirik ki, onların belə fəalliyyəti regionda sülhün möhkəmlənməsinə, terrorçuların ərazilərimizdə qalmamasına yardım edəcək. 

Amma bir məsələni daim bilmək lazımdır ki, regiondakı bütün qüvvələri beynəlxalq qanunlara uyğun fəaliyyət göstərməyə, bizim milli maraqlarımıza hörmətlə yanaşmağa məcbur edən yeganə qüvvə Azərbaycan Prezidenti cənab İlham Əliyev və onun Ali Baş Komandanı olduğu Azərbaycan ordusudur. Biz addım-addım, sökə-sökə milli maraqlara söykənən istəklərimizə hökmən nail oluruq və olacağıq da.”