Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sabahinfo.az xəbər verir ki, Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq.
Qanun layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır.
Rəqabət Məcəlləsi bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı meyillərinin qarşısının alınmasının, kartel tipli əlaqələrin müəyyən edilməsinin, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinin, haqsız rəqabət hallarının aradan qaldırılmasının və dövlət rəqabət nəzarətinin effektiv təşkilinin hüquqi bazasını özündə ehtiva edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.
Rəqabət Məcəlləsi qəbul edildikdən təxminən 6 ay sonra, yəni 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmamışdı.