“Sülh və təhlükəsizliyə Brüssel töhfəsi”

Mayın 22-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutdu. Görüşdə müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar bir daha təsdiqləyir ki, bütün proses Azərbaycanın müəllifi olduğu reallıqlar üzərində qurulub, qalib ölkə olaraq dövlətimizin mənafeyini tam əks etdirir.

Məsələ ilə bağlı SABAHİNFO.AZ saytının suallarını cavablandıran Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Brüsseldə keçirilən hər üç görüş ümumilikdə sülh və əməkdaşlıq naminə atılan mütərəqqi adımdır. Onun sözlərinə görə, müzakirələrin Azərbaycanın irəli sürdüyü təkliflər əsasında təşkili Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi və diplomatik qələbəsidir: “Ermənistanın xilası yalnız və yalnız Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Çünki Azərbaycanın əsas niyyəti bölgədə sülh və təhlükəsizlik, sabitlik və əmin-amanlığa nail olmaqdır. Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan dövlətinin regionda sülhün təmin edilməsi, münasibətlərin normallaşdırılması üçün açıq və vahid siyasi xətt həyata keçirir. Müharibənin başa çatmasından sonra həm Rusiyanın, həm də Avropa İttifaqının nümayəndələri ilə keçirilən görüşlər demək olar Azərbaycanın müəyyən etdiyi siyasi xətt üzrə aparılıb. Bu, görüşlərdə qəbul edilən bəyanat və razılaşmalarda da öz əksini tapıb. Belə ki, regionda iqtisadi əlaqələrin qurulması, sülhün təmin olunması, bölgənin geosiyasi mövqeyindən xoş məqsədlər üçün istifadə edilməsi ölkəmizin planlaşdırdığı və həyata keçməsini istədiyi məsələlərdir. Azərbaycanın sülhün təmin olunması, regionun potensialından istifadə edilərək uzunmüddətli iqtisadi əməkdaşlığın qurulması istiqamətində təklif etdiyi və israrla üzərində dayandığı prinsiplər region ölkələri ilə yanaşı, Avropa İttifaqının üzvləri üçün də faydalıdır”.

Deputat qeyd edib ki, görüşdə humanitar məsələlərin, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi ilə bağlı məsələlərin müzakirəsini vacib məqamlardandır.

Eyni zamanda keçirilən görüşün istər ABŞ istərsə də Avropa dövlətləri tərəfindən diqqətdə saxlanması və bu görüşə açıq dəstəyin verilməsi region üçün əhəmiyyətlidir: “Fransa Avropa Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 22-də Brüsseldə təşkil olunmuş görüşün nəticələrini alqışlayır. Bu görüş iki tərəfə sərhəd məsələləri üzrə ikitərəfli komissiyanın sürətli iclası barədə razılığa gəlməyə imkan verdi. Bu fikirlər Fransa Xarici İşlər Nazirliyinin yaydığı kommunikedə əks olunub. Fransa Avropa İttifaqının himayəsi altında Ermənistan və Azərbaycan arasında başlanmış dialoqu dəstəklədiyini bir daha təsdiqləyir və bu dialoqa öz milli imkanları daxilində, Avropa İttifaqı Şurasının Prezidenti və ATƏT-in Minsk qrupunun həmsədri kimi töhfə verməkdə davam edəcək deyə məlumatda qeyd olunub. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın zamanlarda regionda yeni infrastruktur və loqistik nəqliyyat xətlərini özündə cəmləşdirən Zəngəzur dəhlizi işə başlayacaq və bu da nəinki Azərbaycanın eyni zamanda regionun inkişafına gətirib çıxaracaq”.

Sonda A.Hüseynov sərhədlərin delimitasiyası üzrə yaradılan İşçi Qurupunun və bu istiqamətdə görülən işlərin regionda sülh və təhlükəsizlik üçün atılan mütərəqqi addım olduğunu bildirib.