Noyabrın 14-də Quba rayonu Afurca kənd tam orta məktəbinin adını daşıyan şəhid Mahmud Mahmudovun doğum günü və məktəbin məzunu, Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Azər Mustafayevlə görüş münasibətilə tədbir keçirilib.
Planetinfo.az xəbər verir ki, öncə Quba rayonu Mahmud Mahmudov adına Afurca kənd tam orta məktəbinin direktoru Hikmət Hüseynov çıxış edərək şəhidin həyat və döyüş yolu haqqında məlumat verib:
“Məktəbimizin adını daşıyan şəhid Mahmud Mahmudov yaşasaydı, bu gün 66 yaşı olacaqdı. Məlumat üçün bildirmək istəyirəm ki, Mahmudov Mahmud Mahmudağa oğlu 14.11.1959-cu il tarixdə Quba rayonunun Afurca kəndində anadan olub. O, 1977-ci ildə Afurca kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1979–1981-ci illərdə Çita şəhərində hərbi xidmətdə olub, feldşerlik ixtisasına yiyələnib. 1981–1986-cı illərdə keçmiş Politexnik İnstitutunun Maşınqayırma fakültəsini bitirib. “İskra” (indiki “Alov”) zavodunda, daha sonra Hövsan Dəniz Limanında çalışıb. 1992-ci ilin dekabrında Suraxanı Rayon Hərbi Komissarlığı tərəfindən 33 yaşı və iki azyaşlı övladı olmasına baxmayaraq, cəbhəyə göndərilib. Tərtər batalyonunun tərkibində döyüşlərdə iştirak edib. Son döyüşündə Sərsəng SES yaxınlığında Tərtər rayonunun İsmayılbəyli kəndindən olan yaralı döyüş yoldaşını xilas edərkən erməni snayperinin gülləsi ilə şəhid olub. 04.03.1992-ci ildə cənazəsi Afurca kəndində dəfn olunub. Şəhidlər dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın isə əbədi örnək təmsilçiləridir.”
Hikmət Hüseynov Afurca kəndinin qəhrəman, vətənpərvər və ölkəmizi xaricdə layiqincə təmsil edən sakinləri ilə fəxr etdiklərini bildirib:
“Onlardan biri də bu gün bizim fəxri qonağımız – Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Azər Mustafayevdir. Qonağımız vaxtilə məktəbimizin çox fəal şagirdlərindən olub. Daha sonra hərbi xidmətini Krasnoyarsk şəhərində keçib. Hərbi xidmətdən sonra Krasnoyarsk Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsil diplomu alıb. Azər müəllim hər zaman məktəbimizi, kəndimizi, xalqımızı və bütövlükdə Azərbaycanımızı xaricdə yüksək səviyyədə təmsil edib.”
Sonra Azər Mustafayev çıxış edərək bütün tədbir iştirakçılarını salamlayıb və Afurca kənd tam orta məktəbini 1984-cü ildə bitirdiyini qeyd edib:
“Mənim təhsil aldığım məktəbin adını daşıyan şəhid Mahmud Mahmudovun doğum günü ilə bağlı mərasimdə iştirak etməkdən qürur duyuram. Bütün Krasnoyarsk diasporu adından I və II Qarabağ müharibələrinin şəhidlərinin ruhu və onların valideynləri qarşısında baş əyirəm. Allahdan bütün qazilərimizə şəfa diləyirəm. Var olsun Azərbaycan əsgəri! Var olsun belə bir ordunu yaradan və ona rəhbərlik edən Ali Baş Komandan cənab İlham Əliyev! Bizim də diaspor olaraq məqsədimiz milli-mənəvi dəyərlərimizi, zəngin mədəniyyətimizi və özünəməxsus adət-ənənələrimizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir.”
Daha sonra Azər Mustafayev Azərbaycanın qəhrəman oğullarından bəhs edən “Böyük Qələbənin varisləri” kitabını Afurca kənd tam orta məktəbinə hədiyyə edib. Qeyd edək ki, kitabda Afurca kəndinin üç sakininin həyat və döyüş yolu haqqında geniş məlumat yer alır.








