Təhsilli və sağlam gənclik güclü Azərbaycanın aparıcı qüvvəsidir

Konfutsi müdrik kəlamlarından birində belə demişdi: “Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa, üsyankar olar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa, quldur olar”. Böyük mütəfəkkir bu dəyərli fikirləri ilə insanlara çatdırmaq istəmişdi ki, ədalətli olmaq, özünə və başqalarına qarşı ədaləti görmək istəyirsənsə, təhsilli olmalısan. Konfutsinin bu ibrətamiz sözlərini həm də ona görə yada saldım ki, düz 30 il əvvəl aidiyyəti dövlət qurumlarının və peşəkar ekspertlərin ölkə miqyasında apardıqları bir araşdırmanın qəribə nəticələrini indiyədək unutmamışam. Həmin nəticələr çox üzücü idi. Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə 1993-cü ilin ikinci yarısında aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdi ki, qaçqın və məcburi köçkün ailələrindən olan yetkinlik yaşına çatmayan şəxslərin bəzi şəhər və rayonlarımızda 50 faizi, bəzilərində isə hətta 70 faizə qədəri icbari orta təhsildən kənarda qalıb. Vəziyyəti ağırlaşdıran məqamlardan biri də onunla bağlı idi ki, əvvəlki hakimiyyətlər dönəmində zəruri dövlət dəstəyi təmin olunmadığı üçün, müvafiq qurumlar vəzifələrini yerinə yetirə bilməmişdilər və bu faciəvi prosesi öz axarına buraxmışdılar. Hakimiyyətə qayıtdıqdan dərhal sonra Ulu Öndərin verdiyi ilk göstərişlərdən biri məhz təhsildə buraxılan qüsur və nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı oldu. Çünki Heydər Əliyev təhsilin istənilən cəmiyyətin həyatında kəsb etdiyi əhəmiyyətini incəliyinə qədər bilirdi və məhz buna görə də deyirdi ki: “Təhsil millətin gələcəyidir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib ki, elə bu səbəbdən Ulu Öndərimiz hakimiyyətə qayıdışının ilk günlərindən elmə və təhsilə xüsusi diqqət ayırdı, bu sahəni dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Hələ sovet Azərbaycanı dönəmində əsasını qoyduğu mütərəqqi təcrübəni yenidən bərpa etdi, gənclərimizin dövlət hesabına xarici ölkələrin ən nüfuzlu elm ocaqlarında təhsil almaları üçün şərait yaratdı. Artıq 2003-cü il üçün üç mindən çox gənc 40-a yaxın ölkədə 160 ixtisas üzrə ali təhsil alırdı. O zaman təkcə qardaş Türkiyədə 700 tələbənin təhsil alması, o cümlədən onlara təqaüd verilməsi üçün dövlət büdcəsindən milyonlarla vəsait ayrılırdı. Bu gün onların bir çoxu dövlət orqanlarında, elm və təhsil ocaqlarında, Silahlı Qüvvələrimizdə, eləcə də biznes sahəsində müstəqil Azərbaycana xidmət edir.

Ü.Quliyev bildirib ki, təhsilli və bilikli insanların üstünlük təşkil etdiyi cəmiyyət ədalətə daha çox bağlı olur. Lakin ədalət meyarının ictimai yanaşmada həlledici amilə çevrilməsi üçün yalnız təhsil yetərli olmaya da bilər. Bunun üçün yetişməkdə olan nəslin milli-mənəvi dəyərlərimizə, əxlaq normalarına, ictimai maraqlara bağlılığı da təmin edilməlidir. Gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi təkcə ailənin deyil, həm də dövlətin seçdiyi əsas hədəflərdən biri olmalıdır. Buna görə də uşaqların və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili məsələsi ön plana çıxır. Bu vacib sahə dövlət qayğısı ilə əhatə olunduqda, ailə və rəsmi qurumlarının birgə və əlaqələndirilmiş səyi arzulanan nəticəni verə bilir. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələləri davamlı olaraq diqqət mərkəzində saxlayırdı. Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Prezident Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi təsis olundu, məhz onun təşəbbüsü və Sərəncamı ilə 1997-ci ildə 2 fevral tarixi Azərbaycan Gəncləri Günü elan edildi. Bu, MDB və Şərqi Avropa məkanında bir ilk idi. Həmin qərardan yalnız ilyarım sonra - 1998-ci ilin avqustunda Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən konfransda avqustun 12-si Beynəlxalq Gənclər Günü elan olundu.

Heydər Əliyevin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli və “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli Prezident Fərmanları, 2002-ci il aprelin 9-da qəbul olunan “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu gənc nəslə dövlət qayğısının hüquqi bazasını genişləndirməklə onun əsas istiqamətlərini bir daha dəqiqləşdirdi. Ulu Öndərin təşəbbüsü ilə 1996-cı ildən etibarən mütəmadi şəkildə keçirilən Gənclər Forumu Azərbaycan gəncliyinin həyatında hərəkətverici platformalardan birinə çevrildi. Heydər Əliyev 1996-cı il fevralın 2-də keçirilən ilk Gənclər Forumunda gənc nəslə bu tövsiyəni vermişdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin əsasını qoyduğu gənclər və idman siyasəti Prezident İlham Əliyev tərəfindən bu gün də eyni təməllər üzərində qətiyyətlə davam etdirilir. Prezident Sərəncamı ilə 2007-ci il ölkəmizdə “Gənclər İli” elan olundu. Birinci xanım Mehriban Əliyevanın sədrliyi ilə dünyanın 100-ə qədər ölkəsindən 500-dək qonağın iştirak etdiyi “Gənclərin Məşğulluq sammiti” 2008-ci ilin sentyabrında məhz Azərbaycanda keçirildi. Azərbaycan Prezidentinin imzaladığı Sərəncamlar əsasında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” artıq uğurla həyata keçirilib. Hazırda isə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı“ icra olunur. Bu Proqramlar üzrə beş mindən çox Azərbaycan gənci dünyanın nüfuzlu təhsil ocaqlarında ali ixtisasa yiyələniblər. Prezident İlham Əliyevin 2022-ci il 28 fevral tarixli başqa bir Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” da artıq təsdiq edilib. Bu Proqram imkan verəcək ki, hər il 400 nəfər azərbaycanlı bakalavriat və magistratura səviyyəsində ali təhsilini xarici ölkələrdə ala bilsin. Azərbaycan Prezidentinin təşəbbüsü və Sərəncamı ilə 2011-ci ildə yaradılan Gənclər Fondu elm, təhsil, mədəniyyət və digər sahələrdə gənclərimizin təşəbbüs etdiyi ictimai və sosial əhəmiyyətli layihələrə dövlət dəstəyi siyasətini təmin edir. Prezident İlham Əliyevin 2013-cü ildə təsis etdiyi “Gənclər üçün Prezident Mükafatı” isə Azərbaycan gəncliyinə dövlət dəstəyini ifadə edən çoxsaylı normativ-hüquqi aktlardan yalnız biridir. 2019-cu il 1 oktyabr tarixli Prezident Sərəncamına əsasən Gənclər Fondunun nəzdində fəaliyyətə başlamış Gənclərin İnkişaf və Karyera Mərkəzi, adından da göründüyü kimi, gənc nəslin inkişafına və yüksəlişinə dövlət dəstəyi məqsədini daşıyır. 2019-cu il 26 iyul tarixli Prezident Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsi isə istedadlı gənclərdən ibarət kadr ehtiyatı bankının yaradılmasını nəzərdə tutur və belə gənclərin dövlət idarəçiliyi prosesinə daha aktiv şəkildə cəlb olunmasına xidmət edir. Görülən dövlət tədbirləri sayəsində Azərbaycan gəncliyi artıq könüllülər hərəkatının da aparıcı qüvvəsinə çevrilib. Çünki gənclərimiz dövlətin qayğısını və onlara bəslənilən doğma münasibəti hiss edə və görə bilir. Azərbaycan Prezidentinin gənclərlə mütəmadi görüşləri, bu zaman səsləndirdiyi fikirlər və etdiyi çağırışlar onlar üçün ən təsirli motivasiya gücünə malikdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2019-cu il fevralın 1-də Bakı Konqres Mərkəzində gənclərlə keçirdikləri görüş bu cür çoxsaylı görüşlərdən yalnız biridir. Vətən müharibəsindən bir il səkkiz ay əvvəl baş tutmuş bu tədbirdə Azərbaycan Prezidenti tərəfindən səsləndirilən fikirlər gənc nəsil üçün ciddi stimul rolunu oynadı: “Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır... Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.

Ötən illər ərzində dövlət səviyyəsində görülmüş tədbirlər sayəsində Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Bölgələrimizdə fəaliyyət göstərən 50-yə yaxın Olimpiya İdman Kompleksi uşaq və yeniyetmələrlə yanaşı, bütün əhaliyə xidmət edir. İrimiqyaslı bərpa və quruculuq işlərinin getdiyi Qarabağda və Şərqi Zəngəzurda eyni Mərkəzlərin yaradılması indidən nəzərdə tutulur. Dünya miqyasında nüfuzlu idman ölkələrindən biri kimi tanındığımız üçün Birinci Avropa Oyunları məhz Azərbaycanda keçirildi. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə yüksək səviyyədə təşkil olunmuş “Bakı-2015” təqdimatları ölkəmizin idman potensialı ilə yanaşı, tarixi və mədəni irsinin, milli-mənəvi dəyərlərimizin təbliğində əvəzolunmaz rol oynadı. Mehriban xanım Əliyeva möhtəşəm açılış mərasimində Bakıdan dünya birliyinə bu mühüm çağırışı etdi: “Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir... Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır... Sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya, Azərbaycana xoş gəlmisiniz!”.

Qeyd olunub ki, birinci Avropa Oyunlarında 50 ölkəni təmsil edən 6 mindən çox idmançı ölkəmizin 21 idman arenasında gücünü sınadı. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi qərarı isə idman dövləti kimi qazandığımız nüfuzun növbəti beynəlxalq səviyyəli etirafı oldu. Azərbaycan ötən dövrdə müxtəlif idman növləri üzrə çoxsaylı yarışlara ev sahibliyi edib, ölkəmizin ən yüksək standartlara cavab verən idman arenaları dünya miqyasında tanınmış idmançıların sağlam və ədalətli rəqabətinə şərait yaradan etibarlı məkana çevrilib. Həmin beynəlxalq yarışlarda idmançılarımızın qazandığı qələbələrin şərəfinə dövlət bayrağımızın ucaldılması və himnimizin səsləndirilməsi artıq bir ənənə halını alıb. Bu fəxarət hissini hər birimizə yaşadan Azərbaycan gəncliyidir. O gənclik ki, 44 günlük Vətən müharibəsində milli kimliyimizi, milli ləyaqətimizi qorumağın əsas məsuliyyətini öz üzərinə götürdü və bütün dünyaya sübut etdi ki, Vətən uğrunda hər cür fədakarlığa hazırdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin. Azərbaycan gəncliyi bir daha sübut etdi ki, öz Prezidentinin yanındadır və Ali Baş Komandanımızın istənilən döyüş əmrini şərəflə yerinə yetirməyə, düşmənin başını əzməyə və Qarabağı azad etməyə qadirdir. Özü də bu tarixi Zəfərə o gənclərimiz imza atdı ki, onların əksəriyyəti Qarabağı heç görməmişdi, suyunu içib havasını udmamışdı. Eynilə Prezident İlham Əliyevin ötən il fevralın 26-da yerli və xarici media təmsilçiləri üçün keçirilən mətbuat konfransında dediyi kimi: “Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır. Yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var. Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır” .

Viktor Hüqonun belə bir dəyərli kəlamı var: “Tərbiyə-nəfslə, təhsil-biliklə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır”. Bugünkü Azərbaycan gəncliyi ali tərbiyəsi və milli-mənəvi dəyərlərimizə bağlılığı ilə, təhsil səviyyəsi və sağlam həyat tərzi, Vətənə məhəbbəti və məsuliyyətli vətəndaş mövqeyi ilə bir çoxlarına örnəkdir.

Deputat Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu il yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə söylədiyi bu fikirləri bir daha xatırladıb: “Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.