Türkiyənin Konya şəhərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” keçiriləcək

Türkiyənin Konya şəhərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” keçiriləcək, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd olunacaq.

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Konya bölgəsi üzrə Mədəniyyət və Turizm müdiri Mehmet Yündenlə görüşüb. Görüşdə dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələr qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. 

Böyük bir tarixə malik, mədəniyyətin beşiyi olan Konya şəhəri ilə Azərbaycanın bölgələri arasında əməkdaşlıq, “Qardaşlaşmış şəhərlər”ə dair müqavilənin imzalanması, Konyada Azərbaycan mədəniyyətinə dair tanıtım layihələrinin reallaşdırılması, cari ilin payız aylarında “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirlərinin təşkili, Konyada Selcuq Universitetində Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibəti ilə Beynəlxalq Konfransın təşkili, miniatür müsabiqəsi və sərgisinin keçirilməsi və başqa birgə layihələr müzakirə edilmiş, bu istiqamətdə işlərin aparılması razılaşdırılmışdır. 

Bundan başqa, Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Konyada Mevlana Müzeyinin  müdürü dr. Naci BAKIRCI ilə görüşüb. 

Görüşdə Konyada Mevlana Müzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığı, Muzeyin əlyazmalara dair kitabxanasında saxlanılan Azərbaycana dair qiymətli əlyazamalara dair müzakirələr aparılıb, gələcəkdə muzeydə saxlanılan unikal əlyazmalara dair araşdırmaların aparılması, onların kataloqunun hazırlanması razılaşdırılıb. 

Tərəflər cari ilin payız aylarında Konyada keçiriləcək “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirləri çərçivəsində sözügedən qədim və nadir əlyazmaların muzeydə sərgisinin açılmasına dair razılıq əldə ediblər. 

Daha sonra Mevlana Müzey Kompleksinə baxış keçirilib, Müzeyinin  müdürü Dr. Naci BAKIRCI  Samir Abbasova muzey kompleksində aparılmış restavrasiya işi haqqında məlumat verib, Türkiyənin qabaqcıl restavrasiya sahəsində təcrübəsinin  Azərbaycanla bölüşülməsi və bu sahədə əməkdaşlıq müzakirə olunub. Dr. Naci BAKIRCI  ildə 4 milyondan artıq turistin Mövlana Muzey Kompleksini ziyarət etdiyini vurğulayaraq, muzeydəki görülən işlər, guşələri təqdim edib. 

Ziyarət zamanı Mövlana muzeyinin qədim və nadir nüsxəsi sayılan və daimi sərgidə nümayiş etdirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin

Osmanlı dövrünə aid və xüsusi işləmələrlə hazırlanmış “Hədiqətüs-süəda” əsərinə baxış keçirilib. 

Görüşdə gələcək birgə əməkdaşlıq məsələləri müzakirə olunub.