Bakı şəhər Yasamal rayon MKS-inin A.Şaiq adına 2 nömrəli kitabxana filialı və A.İ.Məmmədov adına 38 nömrəli məktəb “Xocalıya ədalət gərəkdir” adlı tədbir keçirdilər.
Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başladı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri məktəbin direktoru Yaqut Əfəndiyeva açaraq Xocalı faciəsinin Azərbaycan tarixinin qanlı səhifəsi olduğunu bildirərək, sözü məktəbin təşkilatçısı Gülnarə Vəliyevaya verdi. Gülnarə Vəliyeva Xocalı faciəsi haqqında ətraflı danışdı.
A.İ.Məmmədov adına 38 nömrəli məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş əbədi-bədii kompozisiya nümayiş etdirdilər və şeirlər söylədilər.
Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhəri işğal edərkən, dinc əhaliyə qarşı törədilən soyqırımdan məlumat verdi. O, şəhid ailələri və qaziləri salamladı.
Yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı Xocalı hadisəsindən danışdı və müəllifi olduğu “Könül səhifəm” adlı kitabından şeirlərini səsləndirdi.
A.Şaiq adına 2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova Xocalı soyqırımı haqqında danışaraq bildirdi ki, bu faciə insanların vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələndi və erməni vandalizminin təzahürü idi. O, şəhid analarına səbr, qazi və veteranlarımıza can sağlığı dilədi.
Bütün şəhid anaları adından şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva oğlu ilə qürur duyduğunu söylədi və belə tədbirlərin hazırlanmasında əməyi olanlara minnətdarlığını bildirdi.
Şəhid-hərbiçi Əmirulla Əliyevin atası Vahid Əliyev və anası Ofeliya Əliyeva şəhidin yazdığı şeirlər kitabını məktəb kitabxanasına və M.Ş.Vazeh adına Mərkəzi Kitabxanaya hədiyyə etdilər.
“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədr müavini Vidadi Şabanov və qazilər çıxışlarında məktəblilərə Xocalı soyqırımı haqqında həqiqətləri öyrənməyi, təbliğ etməyi, şəhidlərin onlara əmanət etdiyi Vətənə layiq vətəndaş olmağı tövsiyə etdilər. Şair Qadir Hüseynov “Şəhid anası” şeirini səsləndirdi.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq Sülh Səfiri, “Qızıl Qələm” mükafatçısı, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan qəhrəmanlarımız haqqında danışdı.
38 nömrəli məktəbin məzunu, şəhid Elvin Salayevin atası çıxışında şəhidlərimizin sücayətindən, qəhrəmanlığından, oğul itkisinin onun üçün ağır olmasından danışdı.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, media və ictimaiyyət nümayəndələri, Xocalı sakini, Xocalıda əsir düşmüş canlı şahid, qazi Valeh Hüseynov, hərbi hospitalda müharibə illərində işləyən Zülfiyyə İsmayılova, şair Qadir Hüseynov Xocalı faciəsi haqqında danışdılar.
Müğənni Aybəniz Çələbinin ifasında “Yaşa Azərbaycan” mahnısı səsləndirildi.
Tədbirin sonunda şagirdlər “Yaşasın müstəqil Azərbaycan!” şüarını səsləndirdilər.