"10 noyabr 2020-ci il. Milyonların, müharibə başlanan andan səbirsizliklə gözlədiyi, işğalçı Ermənistanın kapitulyasiya etdiyi, dünya erməniliyinin bir əsrdən bəri təbliğ etdiyi xəstə ideologiyanın iflasa uğradığı gündür".
Bu sözəri Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, həmin gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya vasitəsilə xalqa müraciət edir və müharibənin bitdiyini elan edir: "Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın mahiyyətini xalqa çatdırır. Atəşkəs əldə olunur, Erməni silahlı qüvvələri Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarılır, Rusiya sülhməramlıları beş illik müddətə bölgəyə daxil olur, Laçın rayonu ərazisindən ermənilərə, Zəngəzurdan Naxçıvana koridor verilir. Kommunikasiyalar açılır. BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında məcburi köçkünlər öz yerlərinə qaytarılır. Prezidentin çıxışı dünyanın bütün informasiya agentlikləri, televiziya kanalları, mətbuat orqanları tərəfindən dərhal yayımlanır. Bir çox dövlət və hökumət başçıları, siyasətçilər, politoloqlar, ekspertlər tərəfindən gözlənilməz xəbər sensasiya olaraq qəbul olunur. 30 il ərzində münaqişənin tənzimlənməsi ilə məşğul olan, reallıqda isə imitasiya xarakterli çoxsaylı turist səfərlərindən başqa, ciddi bir nəticə ilə yadda qalmayan ATƏT-n Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri oyundan kənar qaldıqlarını hiss edirlər. Müharibənin belə sonluqla bitməsi həmin ölkələrdə dərin kök salmış erməni lobbi təşkilatlarını narahat edir. Fransa parlamenti və senatı tərəfindən görünməmiş operativliklə həmrəylik nümayiş olunur, Azərbaycanla Türkiyə əleyhinə qətnamələr qəbul edilir. Bu da həmsədr ölkə Fransanın açıq şəkildə işğalçını dəstəklədiyini göstərməklə yanaşı, beynəlxalq imicinə böyük zərbə vurur. Hesab edirəm ki, Fransanın Qarabağ məsələsinə qərəzli yanaşması, beynəlxalq hüququn, ədalətin yanında yox, işğalçı dövlətin yanında olması, Afrikanın şimalında və Yaxın Şərq ölkələrində də ona olan inamı sarsıtdı. Ona görə də, müharibədən bir il keçməsinə baxmayaraq, digər müttəfiqləri ilə birlikdə hələ də Minsk qrupunun bərpa olunmasını tələb edir, hansısa "status" məsələsini qabartmaqda israrlı görünürlər".
Deputat vurğulayıb ki, bütün çətinliklərə, təzyiqlərə rəğmən, Azərbaycan öz yolu ilə gedir: "Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə misli görünməmiş layihələr icra olunur. Ölkə Başçısının regiona etdiyi çoxsaylı səfərlərin hər biri yeni-yeni innovativ ideyaların, infrastruktur layihələrinin icrası ilə müşayiət olunur. Az bir vaxta görülmüş işlərin miqyası dostlarımızı sevindirir, düşmənlərimizin isə təəccübünə səbəb olur. Ermənistan mətbuatını izlədikcə, görürük ki, erməni xalqı öz rəhbərlərini ciddi şəkildə ittiham edir, 30 il ərzində dağıdıcılıqda günahlandırır və quruculuq işlərini İlham Əliyevdən öyrənmələrini tövsiyə edir. 10 noyabr Azərbaycan tarixinin ən önəmli, şərəfli günlərindən biridir. Bu gün Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəsinin rəsmiləşdiyi, yeni geosiyasi reallıqların yarandığı, dünya erməniliyinə, onların havadarlarına sağalmaz yaraların vurulduğu gündür. Ən vacib məsələlərdən biri odur ki, həmin gün mürəkkəb coğrafi şəraitə malik, üç böyük rayon əlavə şəhidlər vermədən azad olunub".