“Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və noyabrın 9-dan 10-na keçən gecə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın məğlubiyyətinin təsdiqi olan üçtərəfli bəyanat imzalandı. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan 20 faiz torpaqlarının azad olunması ilə nəticələnən bu Qələbə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. 44 gün ərzində Azərbaycan Ordusu tərəfindən 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kənd işğaldan azad edildi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini də məhv etdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyinin və orduya olan inamın göstəricisi oldu. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında, hətta, dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edildi. Hər il noyabrın 8-i, Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, tarixi Zəfərimizdən ötən beş ildə Azərbaycanın qazandığı uğurların, yeni reallıqların fonunda görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz: “Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılmasını xüsusi qeyd etmək istərdik. Belə ki, Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırıldı. Sərəncamdan dərhal sonra Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı. 2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirildi.Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək. Muzeyin konsepsiyası, burada yaradılacaq bölmələr həmçinin 44 günlük Vətən müharibəsindəki bəzi strateji əhəmiyyətli hərbi əməliyyatların interaktiv təqdimatı ziyarətçilərə Qarabağın tarixi, münaqişənin ilk günündən başlayaraq zəfərlə nəticələnən şanlı yol barədə dolğun təsəvvür formalaşdıracaq”.
Malik Həsənov onu da vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsindən bir gün sonra, noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu bildirdi. 2020-ci ilin 10 dekabr tarixində keçirilən Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürdü. 2021-ci il 12 aprel tarixində Hərbi Qənimətlər Parkının açılışı oldu. Açıq səma altında yaradılan parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Millət vəkili Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlar sırasında Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsini bildirib: “31 iyul 2023-cü il tarixli Sərəncama əsasən 8 noyabr Şuşa Şəhəri Günüdür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən bildirmişdir ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qalib Sərkərdə kimi əbədi yazdırdı. 2021-ci il yanvarın 14-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı”.
Malik Həsənov qeyd edib ki, Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub: “Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq”.
Millət vəkili bu məqamı da böyük qürur hissi ilə qeyd edib ki, artıq beş ildir bayramlarımızı Zəfər ruhunda, böyük sevinc və qürur hissi ilə qeyd edirik: “Bu baxımdan 9 noyabr-Dövlət Bayrağı Günündə ikiqat sevinc yaşayırıq. Çünki bu gün qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır. Bu mühüm hadisə qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq bildirmişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”
Artıq beş ildir xalqımız bu sevinci yaşayır. Azad Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli Bayrağımız şanlı Qələbəmizin reallıqlarını dünyaya çatdırır, bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunu bir daha təsdiqləyir”.