12 Noyabr –azadlıq, ədalət və bərabərlik ideyalarının bayramı

Azərbaycan Respublikasının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan 12 noyabr tarixi müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyan əsas qanunumuz – Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunduğu gündür.

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Bu hadisə, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra öz milli dövlət quruculuğunu hüquqi əsaslar üzərində formalaşdırmasının parlaq göstəricisidir.
Azərbaycan Respublikasının dövlətçilik tarixində Konstitusiyanın qəbul edilməsi və onun inkişaf etdirilməsi prosesi Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşmışdır. Bu iki böyük dövlət xadiminin fəaliyyəti nəticəsində ölkəmizdə hüquqi dövlət quruculuğu, demokratik dəyərlər və vətəndaş cəmiyyəti prinsipləri ardıcıl şəkildə həyata keçirilmişdir.

Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra ölkənin siyasi və hüquqi sisteminin formalaşdırılması qarşısında duran ən vacib məsələlərdən biri yeni Konstitusiyanın qəbul edilməsi idi. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın məqsədi müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruluşunun əsasını təşkil edəcək milli Konstitusiyanın layihəsini hazırlamaq idi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan layihə ictimai müzakirəyə çıxarılmış, xalqın təklifləri nəzərə alınmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmişdir. Bu sənəd Azərbaycan dövlətçiliyinin hüquqi bünövrəsini yaratdı, müstəqilliyin dönməzliyini təsbit etdi və xalqın iradəsini ifadə edən ilk demokratik Konstitusiya kimi tarixə düşdü.

2003 cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın müddəalarının daha da təkmilləşdirilməsi, müasir dövrün çağırışlarına uyğunlaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilmişdir. Prezident İlham Əliyevin dövründə Konstitusiyaya bir neçə dəfə referendum yolu ilə əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasını, idarəetmənin səmərəliliyini və dövlətin demokratik dəyərlər üzərində inkişafını təmin etdi. Konstitusiyaya əlavə edilən müddəalar vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, sosial ədalətin və şəffaf idarəetmənin güclənməsinə xidmət etdi. Həmçinin, bu dəyişikliklər dövlət idarəetməsinin müasir tələblərə uyğunlaşdırılmasına yönəldilmişdi. Yeni institutlar – Birinci vitse-prezident və vitse-prezidentlər vəzifələri təsis edildi. Bununla dövlətin çevik və dayanıqlı idarəetməsi təmin olundu. Bundan başqa, gənclərin siyasi proseslərdə iştirakı genişləndirildi, insan hüquqlarının təminatı gücləndirildi, sosial dövlət prinsipləri daha da möhkəmləndirildi.

Prezident İlham Əliyevin Konstitusiyaya verdiyi bu
yeniliklər Azərbaycanın hüquqi-siyasi sisteminin modernləşməsinə, dövlətin idarəçilik strukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaratdı. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar nəticəsində Konstitusiya həm sabitliyin, həm də inkişafın təminatına çevrilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali hüquqi qüvvəyə malik əsas qanunudur. Konstitusiya ölkənin siyasi, iqtisadi və sosial sisteminin əsaslarını, dövlət hakimiyyətinin təşkili prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edir.

Konstitusiya Azərbaycan xalqının dövlətçilik iradəsini, azadlıq və ədalət ideallarını əks etdirən, hüquqi dövlətin bünövrəsini qoyan sənəddir. O, ölkənin hüquqi sisteminin inkişafı üçün istiqamətverici rol oynayır və bütün qanunvericilik aktlarının əsasını təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyası həmçinin, vətəndaşların bərabər hüquqlara malik olmasını təmin edir, dövlət hakimiyyətinin xalqın iradəsinə əsaslanaraq həyata keçirilməsini müəyyən edir, hakimiyyətin qanunverici, icra və məhkəmə qolları arasında səlahiyyət bölgüsünü təsbit edir. Eyni zamanda dövlətin demokratik, hüquqi və dünyəvi xarakterini birmənalı şəkildə təsdiqləyir.
1996-cı ildən etibarən 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü dövlət səviyyəsində qeyd olunur. Hər il bu gün münasibətilə ölkə üzrə müxtəlif tədbirlər, elmi konfranslar, maarifləndirici layihələr və rəsmi mərasimlər keçirilir.
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqil dövlət quruculuğu sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. O, Azərbaycan dövlətinin sabitliyinin, suverenliyinin və vətəndaş həmrəyliyinin hüquqi təminatıdır.

12 Noyabr – Konstitusiya Günü, həm milli hüquq sistemimizin təntənəsi, həm də dövlətçiliyimizin möhkəm təməli olan azadlıq, ədalət və bərabərlik ideyalarının bayramıdır.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı