20 Yanvar şəhidləri hər bir azərbaycanlının ruhunda həmişə yaşayacaq!..  

1920-ci ilin 28 mayından sonra xalqın müstəqillik, azadlıq mücahidləri milli-azadlıq mübarizəsinə başladı. Əqidədən amala, amaldan fəaliyyətə keçən bu mübarizə müxtəlif səviyyələrdə aparılırdı. SSRİ dönəmində imperiyanın sərt qadağaları, Sibir xofu, Lefertovo səksəkəsi bu mübarizənin üstündə qara yellər əsdirsə də xalqın mübarizə əzmi səngimədi. Azərbaycan Demokratik Respublikasının qurucularının mübarizə yolu siyasi sferada da, ədəbiyyatda da davam etdirilirdi. Əvvəllər gizlin aparılan mübarizə ötən əsrin sonlarına yaxın açıq müstəviyə keçirildi. Həmin vaxtlarda Ermənistan Azərbaycana qarşı ərazi iddiasına düşdü. Moskva bu iddiaya görə Ermənistana SSRİ-nin siyasi quruluşunun tələblərini xatırlatmadı. Ermənistanın bu əsassız iddiasına görə xalqın mübarizəsi müstəqillik mübarizəsi oldu. Onda SSRİ hökuməti bu hərəkatın gedişindən, proqnozlaşdırdığı sonluğundan çəkindi, 1990-cı ilin 19 yanvar gecəsi Bakıya qoşun yeritdi. Dinc mübarizlərə qarşı Əfqanıstanda və digər dövlətlərdə tərbiq etdiyi qırğınlardan da artıq qırğın törədildi. 20 Yanvar Bakı faciəsi, Bakı soyqırımı kimi tarixləşdi…

SSRİ hökuməti bu qırğını qabqcadan planlaşdırmışdı. Azərbaycanda gedən milli-azadlıq hərəkatını qırğın törətməklə dayandırmaq istəyirdi. Bacarmadı. Azərbaycan xalqı imperiyanın qəddarlığına qətiyyət, milli sevgi, azadlıq, müstəqillik təşnəliyi ilə cavab verdi.

Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni əsilli kursantlar da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin Bakı şəhərinə gətirilən 66 min nəfərdən çox əsgər və zabiti Qala və “Nasosnu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azadlıq istəyi imperiyanın niyyətinə sinələri ilə sipər oldu…

Bu əməliyyatı SSRİ Müdafiə naziri Dmitri Yazov, SSRİ Daxili İşlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edil¬məsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən əvvəlcə Türkan-Qala tərəfdən şəhərə yeridildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını hərbi nəzarətə götürməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. Fövqəladə vəziyyət tətbiq ediləndən əvvəl 82 nəfər amansızcasına qətlə yetirilmişdi, 20 nəfər ölümcül yaralanmışdı.

1990-cı il yanvarın 20-də saat 5:30-da radio ilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdi. Lakin gec idi. Qırğın törədilmişdi.

Yanvarın 21-də böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısında bu siyasətə də, bu qırğına da, siyasi prosesə belə hərbi müdaxiləyə də ciddi etirazını bildirdi, günahkarların cəzalandırılmasını tələb etdi, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi. Bu tarixi çıxış Azərbaycan adından dinlənildi və mətni Kremlin kəskin informasiya blokadasına baxmayaraq, dünyada, eləcə də Azərbaycanda yayıldı. Bu çıxış faciəyə verilən ilk siyasi qiymət idi…

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə ölkə rəhbərliyindən respublika səviyyəsində 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin veril¬mə¬si tələb edilirdi.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanında – Milli Məclisdə ilk dəfə siyasi-hüquqi qiymət verildi.

Milli Məclisin qəbul etdiyi Qərarda 20 yanvar faciəsinin günahkarlarının kimliyi konkret qeyd olundu və bu faciənin Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın mübarizə əzmini çilikləmək, SSRİ-ni qorumaq üçün əyalətdə bu səviyyədə qırğın törətmək üçün törədilmiş hərbi təcavüz və cinayət kimi qiymət-ləndirildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu sədaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün səmərəli sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçımızın “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. İndi bu məbləğ 600 manatdır. Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil verilib…

20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizə tarixinin bir mərhələsi oldu. Tarix əbədiyyən xatırlayacaq ki, bu xalq milli kimliyi naminə ruhunu da mübarizləşdirir, əqidəsini də. Heç bir qadağa, heç bir təhdid onun milli-azadlıq istəyinin əhatəsində dolaşa bilməz. Azərbaycan xalqı dünyaya deyib ki, deyir ki, deyəcək ki, mən varam, mən var olacam!

20 Yanvar şəhidləri hər bir azərbaycanlının ruhunda həmişə yaşayacaq!

Səbinə XASAYEVA

Milli Məclisin deputatı