Azərbaycan Ordusu güclüdür, qüdrətlidir
Azərbaycan Demokratik Cumhuriyyəti yarandıqdan sonra qısa müddətdə onun bütün dövlətçilik təsisatları da yaradıldı. Ordunun yaradılmasına xüsusi diqqət yetirildi. Dövrün bütün zəruri imkanları hesabına yaradılan ordunun inkişaf etdirilməsi, formalaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi. Yarana-yarana formalaşan, formalaşa-formalaşa güclənən ordumuz dövləti qoruyurdu, onun sərhədlərinin keşiyindəydi...
Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğrasa da xalqın azadlıq, müstəqillik istəyi yaşayırdı. Xalq dövlətçiliyin bərpası uğrunda mübarizə aparırdı.
Ötən əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.
1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərar qəbul edilmişdi, oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanun qəbul olunmuşdu. Bunlar ordunun yaradılması üçün gərəkli hüquqi sənədlər idi. Ancaq ordu dünyəvi ordular formatında yaradılmırdı. Belə bir dövrdə Ermənistan Azərbaycandan torpaq iddiasına görə elan etmədən müharibəyə başlamışdı. Yaradılmış hərbi hissələr düşmənin həmlə və hücumlarının qarşısını ala bilmirdi.
Azərbaycan Ordusunu nizami ordu kimi böyük tarixi şəxsiyyət Heydər Əliyev formalaşdırdı.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Ulu Öndərin sərəncamı ilə yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq yaradıldı. Az sonra cəbhədə atəşkəsə nail olundu. Bunlar ordunun nizami ordu kimi formalaşmasında əhəmiyyətli amillər idi.
Ulu Öndər ordu haqqında deyirdi: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq”.
Hələ sovetlər dönəmində ciddi siyasi qadağalara məhəl qoymayan böyük tarixi şəxsiyyət Heydər Əliyev Bakıda ibtidai hərbi məktəbin açılmasına nail oldu. Moskva SSRİ-də Suvorov və Naximov adına belə məktəblərin olduğunu, bunların kifayət etdiyini təkid etsə də qüdrətli siyasi xadimin məntiqini üstələyə bilməmişdi. Hərbi liseyə C.Naxçıvanskinin adı verildi. Bu məktəb o dövrdə də, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da Azərbaycanın ordu quruculuğunda əhəmiyyətli rol oynadı.
Həmin dövrdə azərbaycanlı gənclərin SSRİ-nin ali hərbi məktəblərinə göndərilməsi intensivliyi də artırılmışdı, Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə rəis general-leytenant Valeh Bərşadlı təyin edilmişdi. Bunlar Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ordu quruculuğunda müstəsna əhəmiyyətə malik oldu...
Ordu quruculuğunda şəxsi heyətin döyüş hazırlığı mənəvi-psixoloji hazırlıqla tamamlanır. 1994-cü ilin yanvarında böyük tarixi şəxsiyyət Heydər Əliyevin sərkərədəliyi ilə Horadiz əməliyyatı keçirildi, Horadiz qəsəbəsi və 20 kənd işğaldan azad edildi. Bu qələbə əsgər və zabitlərin döyüş əzmini də yüksəltdi, qələbə ruhunu da...
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir
20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı, Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı.
1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
2022-ci ildə azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Milli müdafiə Universiteti yaradıldı ki, bu da respublikada hərbi təhsilin daha yüksək səviyyədə təşkilində böyük imkanlar yaradıb...
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Azərbaycan respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Ordu quruculuğu dövlət üçün prioritet məsələlərdəndir. Bunun nəticəsidir ki, Azərbaycan ordusu qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasındadır.
Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərkərdəliyi ilə 2016-cı ilin aprelində, 2020-ci ilin iyununda, İkinci Qarabağ müharibəsində böyük qələbələr qazanıldı. Vətən müharibəsində qazanılan tarixi Zəfərlə torpaqlarımız işğaldan azad edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi.
“Zəfər” və “Qarabağ” ordenləri, 5 yeni medal - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” təsis olundu. Bunlar dövlətin qazanılan Zəfərə hansı səviyyədə dəyər verməsinin göstəricisidir.
Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər;
Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi.
İşğaldan azad edilmiş ərazilərdə Zəfər muzeyləri yaradılacaqdır.
İşğaldana azad edilmiş ərazilərə Böyük qayıdış başlayır. Bu da Zəfərin qüdrətidir...
Komando adına sahib olmaq üçün hərbi qulluqçuların komando təməl və komando ixtisas kursunu müvəffəqiyyətlə bitirməsi, müvafiq rəngdə beret və döş nişanını əldə etməsi şərtdir. Komando ixtisas kursu çox çətin kursdur. Bu kursda təlimlər “Görünmədən görmək, ölmədən dönmək” şüarı altında keçirilir. İxtisas kursu dərin qarda və soyuqda döyüş əməliyyatı, quru komando əməliyyatı, su üstü komando əməliyyatı, hava-desant əməliyyatı, yaşayış məntəqələrində antiterror əməliyyatı mərhələləri üzrə keçirilir;
Azərbaycan Ordusunun döyüş hazırlığı daha da artmaqdadır. Ordunun şəxsi heyəti Ali Baş Komandanın bütün döyüş əmrlərini yerinə yetirməyə qadirdir.
Silahlı Qüvvələrin Ali Baş Komandanını, Müdafiə nazirliyinin rəhbərliyini, Ordunun şəxsi heyətini 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı