Heydər Əsəsdov
Milli Məclisin deputatı
Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Çex Respublikasının baş naziri Andrey Babiş arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar dövlətlərarası münasibətlərin sürətlə inkişaf etdiyini, eyni zamanda çoxşaxəli xarakter aldığını bir daha nümayiş etdirir. Görüşlər çərçivəsində həm ikitərəfli, həm də regional və qlobal məsələlər geniş müzakirə olunub, əməkdaşlığın gələcək istiqamətləri müəyyənləşdirilib.
Dövlətimizin başçısı vurğulayıb ki, bizim indi çox fəal siyasi dialoqumuz var. Bu müzakirələrin dərin məzmunu ölkələrarası münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Görüş çərçivəsində regional sabitlik, beynəlxalq təhlükəsizlik və qlobal çağırışlar fonunda aparılan fikir mübadiləsi tərəflərin ortaq maraqlara əsaslanan əməkdaşlıq niyyətini təsdiqləyir. Siyasi təmasların intensivləşdirilməsi, qarşılıqlı səfərlərin təşkili və əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi iki dövlət arasında əlaqələrin daha sistemli və davamlı şəkildə inkişafına xidmət edir.
Görüşdə iqtisadi əməkdaşlıq əsas müzakirə mövzularından biri olub. Hazırda ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması iqtisadi əlaqələrin kifayət qədər möhkəm olduğunu xarakterizə edən əsas amillərdəndir. Bununla belə, ticari əlaqələrin daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsi mühüm önəm kəsb edir. Bu istiqamətdə sənaye, texnologiya, kənd təsərrüfatı və digər qeyri-neft sahələrində birgə layihələrin həyata keçirilməsi üçün konkret təkliflər irəli sürülüb. Xüsusilə biznes-forum çərçivəsində qurulan yeni əlaqələr iqtisadi əməkdaşlığın praktiki müstəviyə keçməsinə şərait yaradır.
Energetika sektoru Azərbaycan–Çexiya münasibətlərinin əsas komponentlərindən biri olaraq qalır. Bununla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu gün Azərbaycan qazının 16 ölkəyə ixrac edilməsi və onlardan 10-nun Avropa İttifaqına üzv olması enerji əməkdaşlığının genişmiqyaslı olduğunu təsdiqləyir. Çexiyaya qonşu dövlətlərə təbii qaz ixracı da bu dost ölkə üçün əlavə enerji təhlükəsizliyi təmin edir. Bu əməkdaşlıq artıq təkcə enerji resurslarının alqı-satqısı ilə məhdudlaşmır, daha geniş və uzunmüddətli strateji yanaşma çərçivəsində inkişaf etdirilir. Dövlətimizin başçısı bildirib ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir: “Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır”.
İkitərəfli münasibətlərdə diqqət çəkən mühüm istiqamətlərdən biri də müdafiə sənayesi sahəsində əməkdaşlıqdır. Çexiyanın həmin sahədə böyük təcrübəsi və Azərbaycanın artan istehsal potensialı birgə layihələr üçün əlverişli şərait yaradır. Hazırda tərəflər arasında birgə istehsal və texnologiya mübadiləsi ilə bağlı konkret layihələr müzakirə olunur. Bu əməkdaşlıq yalnız hərbi sahədə deyil, eyni zamanda sənaye və innovasiya istiqamətlərində də yeni imkanlar yaradır.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi və yaxın zamanda növbəti iclasın keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu amil əməkdaşlığın koordinasiyalı və sistemli şəkildə inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, digər sahələr üzrə aparılan müzakirələr tərəflərin münasibətləri yeni sahələr üzrə də genişləndirməyə çalışdıqlarını nümayiş etdirir.
Prezidentlərin bəyanatları Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələdə strateji və çoxşaxəli inkişaf mərhələsinə qədəm qoyduğunu ifadə edir. Siyasi dialoqun fəallaşması, iqtisadi əlaqələrin şaxələndirilməsi, enerji və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsi münasibətlərin gələcək inkişafının əsas istiqamətlərini müəyyən edir. Qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan əməkdaşlıq modeli iki dövlət arasında uzunmüddətli və dayanıqlı tərəfdaşlığın formalaşmasına möhkəm zəmin yaradır.