Yeni geosiyasi xəritənin ştrixləri

“Qlobal sistemin sarsıldığı, enerji marşrutlarının yenidən cızıldığı, təhlükəsizlik arxitekturasının isə faktiki olaraq “sınaq rejimi”nə keçdiyi bir dövrdə Qəbələdən gələn mesaj təsadüfi deyil. Bu, Azərbaycanın seçdiyi strateji xəttin – rasional, praqmatik və tarazlı siyasətin – artıq regional çərçivəni aşaraq qlobal məna kəsb etdiyini göstərir”.

Qəbələ: diplomatiyanın yeni ünvanı
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, son günlər Qəbələdə və Bakıda keçirilən yüksək səviyyəli görüşlər göstərir ki, Azərbaycan yalnız paytaxt diplomatiyası ilə kifayətlənmir, ölkə daxilində yeni siyasi-coğrafi mərkəzlər formalaşdırır. “Bu isə daha geniş mesaj verir: Azərbaycan diplomatiyanı məkandan asılı olmayan çevik alətə çevirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu model qarşıdurmalar fonunda neytral dialoq platforması təqdim edir. Qəbələ artıq sadəcə turizm mərkəzi deyil , eyni zamanda geosiyasi məsləhətləşmələrin keçirildiyi yeni “sakit diplomatiya zonası”na çevrilir”, - o vurğulayıb.

Qlobal böhran və Azərbaycanın yüksələn rolu
İ.Yusifov bildirib ki, Körfəz regionunda artan gərginlik, enerji bazarlarında qeyri-sabitlik və nəqliyyat dəhlizlərinin risk altına düşməsi dünya dövlətlərini alternativlər axtarmağa məcbur edir:
“Məhz bu nöqtədə Azərbaycan “körpü dövlət” statusunu real məzmunla doldurur. Belə ki, bu gün Azərbaycan Şərqlə Qərb arasında Orta Dəhliz, Şimalla Cənub arasında nəqliyyat arteriyası, enerji təhlükəsizliyində etibarlı tərəfdaş   rolunda çıxış etməkdədir. Bu faktorlar Azərbaycanın sadəcə regional aktor deyil, qlobal sistemdə “sabitlik ixrac edən ölkə” kimi qəbul olunmasına səbəb olur.

Avropa xətti: Bakı mərkəzə çevrilir
Son həftələrdə Bakıya və Qəbələyə yönələn diplomatik axın bunu açıq şəkildə sübut edir. Çexiya. Ukrayna, Latviya, Litva rəhbərliyinin ardıcıl səfərləri artıq yeni tendensiyanı formalaşdırır:.
Avropa Bakı ilə danışır, Bakı isə gündəmi formalaşdırır.
Bu səfərlər təkcə diplomatik protokol deyil. Onlar üç əsas istiqamətdə yeni reallıq yaradır. Birincisi, Enerji təhlükəsizliyi və alternativ mənbələrə çıxış, ikincisi, logistikadır ki, bu Orta Dəhlizin güclənməsini təmin edir. Üçüncüsü  siyasi koordinasiya, yəni regional böhranlara birgə yanaşmanı təmin edir. 

Çexiya ilə tərəfdaşlıq: iqtisadi diplomatiyanın nümunəsi
Çexiya baş naziri Andrej Babişin səfərini müşayiət edən geniş biznes heyəti münasibətlərin artıq yeni mərhələyə keçdiyini göstərir.
Çexiya bu gün Azərbaycan neftinin əsas alıcılarından biridir – idxalın 40%-dən çoxu məhz Azərbaycanın payına düşür. Bu fakt iki mühüm nəticə yaradır: Birincisi, Azərbaycan Avropanın enerji təhlükəsizliyində açar ölkəyə çevrilir. Ikincisi isə ikitərəfli münasibətlər siyasi ritorikadan real iqtisadi asılılığa keçir. Bununla yanaşı, əməkdaşlıq artıq klassik enerji modelini aşaraq bərpaolunan enerji, hidrogen texnologiyaları, sənaye kooperasiyası və hərbi-texniki sahəni əhatə edir. Bu isə Bakı–Praqa xəttinin gələcəkdə daha strateji xarakter alacağını göstərir.

Ukrayna və Baltik istiqaməti: siyasi həmrəylikdən strateji ittifaqa
Volodimir Zelenskiin səfəri və Baltik ölkələri ilə intensiv təmaslar Azərbaycanın beynəlxalq sistemdə mövqeyini daha da möhkəmləndirir. Bu münasibətlərin əsasında üç əsas prinsip dayanır. Birincisi, ərazi bütövlüyünə qarşılıqlı dəstək, ikincisi, siyasi etimad, üçüncüsü isə praktik əməkdaşlıqdır.  
Baltik ölkələri üçünsə  Azərbaycan  həm enerji alternatividir, həm logistika qapısıdır, həm də siyasi dialoq tərəfdaşıdır. 

Antalya diplomatiyası: coğrafiyadan kənar təsir
Prezident İlham Əliyevin Maya Sandu ilə Antalyada görüşü göstərir ki, Azərbaycan diplomatiyası yalnız öz ərazisi ilə məhdudlaşmır. Bu, Bakının regional deyil, artıq transregional oyunçuya çevrildiyini təsdiqləyir.

Bakı modeli: balanslı güc strategiyası
Bütün bu proseslərin mərkəzində dayanan əsas faktor Azərbaycanın seçdiyi siyasətdir. Bunlar balanslı xarici kurs, praqmatik əməkdaşlıq, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıqdır. Bu model nə blok qarşıdurmasına qoşulur, nə də passiv mövqe tutur. Əksinə, fərqli güc mərkəzləri arasında körpü rolunu oynayır.

Qəbələdə davam edən diplomatik aktivlik və Bakıya yönələn lider axını bir reallığı təsdiqləyir ki, Azərbaycan artıq hadisələrin iştirakçısı deyil, həmçinin prosesləri formalaşdıran aktordur.
Enerji təhlükəsizliyindən logistika marşrutlarına, siyasi dialoqdan iqtisadi əməkdaşlığa qədər uzanan bu geniş spektr ölkəni qlobal sistemin vacib halqasına çevirir. Və ən önəmlisi  odur ki, bu siyasət yalnız milli maraqlara xidmət etmir. O, eyni zamanda daha geniş miqyasda sabitlik, əməkdaşlıq və sülh üçün real platforma yaradır”.