3 oktyabr 1993-cü il - Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir

Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyət kəsb edən, onun firavan həyatını şərtləndirən mühüm tarixi günlərdən biridə 3 oktyabr 1993-cü ilə təsədüf edir. Məhz həmin gün xalqımız tarixi seçimini edərək, Ulu Öndərə 98.84 faiz səs verib, ona sonsuz etimad nümayiş edərək, Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsini böyük ruh yüksəkliyi ilə dəstəkləmişdir.
Bu taleyüklü hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, “müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”. Həyatının əsas qayəsini xalqına və dövlətinə fədakar xidmət təşkil edən Ümummilli Lider ən qısa müddətdə Azərbaycanı beynəlxalq arenada öz dəsti-xətti, ciddi söz sahibi olan bir ölkəyə çevirdi. Məhz Heydər Əliyevin ardıcıl səyləri nəticəsində universal və regional beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri və güc mərkəzləri Azərbaycanla hesablaşmağa başladılar, və nəticə etibarı ilə, ölkəmiz beynəlxalq münasibətlərin mühüm, suveren aktoruna çevrildi.
Milli maraqların qorunması kimi fundamental prinsipə əsaslanan, təməlini vətənpərvərlik təşkil edən xarici siyasət strategiyasının Heydər Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməsi Azərbaycana bütün dünyada böyük nüfuz qazandırdı. Məhz Ümummilli Lider ölkəmizin ən ağrılı problemi olan – Qarabağ problemini, Azərbaycan torpaqlarının mənfur qonşularımız tərəfindən işğalı faktını beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin siyasi gündəliyinə gətirmişdir. Bu gün əldə etdiyimiz Zəfərin, böyük uğurlarımızın təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Hər zaman sarsılmaz iradə və əzmkarlıq nümayiş etdirən Heydər Əliyevin səyləri nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin hamılıqla tanınan beynəlxalq hüququn prinsipləri və normaları əsasında, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında silahlı münaqişənin məhz bu prinsiplərə söykənərək, BMT-nin Qarabağla əlaqədar qəbul etdiyi qətnamələrə uyğun olaraq, lakin Azərbaycanın hərbi gücü hesabına həlli, bir daha Heydər Əliyev siyasətinin uzaqgörənliyi və konseptual xarakter daşımasının bariz nümunəsidir.

Nizami Səfərov

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü