Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa mətbuatında, Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış informasiya portalı – EU Reporter–da “The European Union is interested in intelligent border management of the South Caucasus together with Azerbaijan” adlı məqaləsi dərc olunub.
Məqalədə Şərq ilə Qərb arasında yerləşən Cənubi Qafqaz regionunun bir sıra dövlətlərin sərhədi kimi tarix boyu müxtəlif xalqların birgə yaşadığı yer olduğu, əsrlər boyu İpək Yolu vasitəsilə dövlətlər arasında iqtisadi, xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə öz töhvəsini verərək insanların rifah içində yaşamalarına şərait yaratdığı vurğulanıb.
Deputat qeyd edib ki, İkinci Qarabağ-Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm Zəfər regionda yeni reallıq yaratdı, əsaslı inkişaf strategiyalarının müzakirəsi üçün yeni zəmin oldu. Bu məcrada cari ilin mart ayının 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri Prezident İlham Əliyevlə birgə mətbuata bayanatla çıxışı zamanı da ölkəmizin qarşılıqlı dialoqa və sıx əməkdaşlığa hər zaman böyük əhəmiyyət verdiyi xususi diqqətə çatdırılıb.
Eyni zamanda, M.Əfəndiyev 2022-ci ilin 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmiz Aİ üçün regionda əsas aktora çevrildiyini qeyd edib. Belə ki, bu gün Dördüncü Sənaye İnqilabının baş verməsi fonunda qlobal siyasi arxitektura sürətlə yenidən formalaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu arxitekturada təkcə enerji resurslarına sahib dövlət deyil, həm də qlobal təhlükəsizlik və sabitlik təminatçısı kimi çıxış edir. Aİ Şurasının Prezidentinin Bakıya səfəri göstərir ki, Brüssel Azərbaycanı Avrasiya məkanında söz sahibi olan, müstəqil xarici siyasət yürüdən və regional konfiqurasiyaları müəyyən edən əvəzolunmaz tərəfdaş kimi qəbul edir.
Xüsusilə, bu tərəfdaşlıq çərçivəsində ənənəvi sahələrlə yanaşı, müasir dövrün çağırışlarına yönəlmiş bir sıra yeni istiqamətlər, o cümlədən qlobal, o cümlədən regional təhlükəsizliyin ən həssas nöqtələrindən olan kiberməkanın qorunması və sərhədlərin intellektual idarəedilməsi sahəsində birgə səylər həm Cənubi Qafqazın, həm də Avropanın təhlükəsizliyinə birbaşa töhfə kimi dəyərlənirilə bilər.
Sonda deputat vurğulayır ki, Azərbaycan-Aİ tərəfdaşlığı həm ölkəmizin milli maraqlarına cavab verir, həm də qlobal çağırışlardan irəli gələn hədəflərin icrası istiqamətində etibarlı zəmin yaradır.
Həmin məqalə ilə millət vəkilinin X platforması üzərindən (https://x.com/mezahirefendi/status/2034141905135800767?s=12) və yaxud aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://www.eureporter.co/world/south-caucasus/2026/03/16/the-european-union-is-interested-in-intelligent-border-management-of-the-south-caucasus-together-with-azerbaijan/