31 mart — Azərbaycanlıların Soyqırımı Günüdür. Bu tarix xalqımızın tarixində ən ağır və faciəli dövrlərdən biri ilə bağlıdır. 108 il bundan əvvəl, 1918-ci ilin yazında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən amansız soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qətlə yetirilmişdir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən on minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
Əfsuslar olsun ki, onilliklər boyu 1918-ci ilin mart hadisələri ilə bağlı həqiqətlər gizlədilmişdi. Sovet dövründə Azərbaycanlılara bu barədə danışmaq milli ayrı-seçkiliyi qızışdırmaq ittihamı ilə qadağan olunmuşdu. Bakı, Şamaxı, Quba və Azərbaycanın digər bölgələrində minlərlə insanın üzləşdiyi faciə haqqında nə danışmaq, nə də yazmaq mümkün deyildi. Rəsmi versiya isə erməni-bolşevik qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğının mahiyyətini tam gizlədərək, hadisələri guya “müsavatçı qiyamın yatırılması” kimi təqdim edir və baş verənləri “bəzi xoşagəlməz hallar” kimi izah edirdi.
Lakin Azərbaycan dövlət müstəqilliyinin bərpa edəndən sonra, arxiv sənədlərinə əsasən məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı və uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan əsl həqiqətlər açıldı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Ulu Öndərin məlum fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu gün yalnız 1918-ci il qurbanlarının deyil, ümumilikdə xalqımıza qarşı törədilmiş bütün faciələrin xatirə günüdür.
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olduğu bilidirlir. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 85, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 199 kəndi darmadağın etmiş, orada yaşayan 135 min azərbaycanlı məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir
Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.” Bəli, hələ də araşdırmalıyıq, tədqiq etməliyik və bütün dünyaya erməni cinayətlərini, erməni faşizmini tanıtdırmalıyıq.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020- ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə 1 gündən də az davam edən anti-terror əməliyyatı zamanı verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Bu gün Azərbaycan və Ermənistan sülhə doğru addımlayır. Müasir dövrdə müəyyən ümidverici mesajlar səslənsə də, bu, xalqımızın yaşadıqlarını unutduğu anlamına gəlmir. 1918-ci il soyqırımı, Xocalı faciəsi və Qarabağ müharibəsi zamanı törədilən vəhşiliklər yaddaşımızdadır.
Biz xatırlayırıq, çünki unutmaq faciələrin təkrarlanmasına zəmin yaradır. Və biz hər zaman yaddaşımızda saxlamalıyıq, unutmamalıyıq ki, Azərbaycan xalqının yaşadığı bu ağır faciələr tarixdə birdəfəlik qapansın.
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor