31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir

Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir.

Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.

Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.

Azərbaycan xalqına qarşı törədilmiş bütün faciələrə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il tarixli fərmanı ilə respublikamızda 31 Mart - Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.

Təəssüf ki, 1918-ci ildəki azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri beynəlxalq miqyasda hələ də öz siyasi-hüquqi qiymətini almamışdır. Azərbaycan dövlət bir xalqa qarşı əsrlər boyu davam edən nifrət siyasəti nəticəsində törədilən soyqırım cinayətlərinə beynəlxalq ictimaiyyətin biganə yanaşmasını, eləcə də cinayətkarların ədalət mühakiməsinə cəlb edilməməsini cəzasızlıq sindromunun inkişafına, yeni bəşəri cinayətlərin törədilməsinə, insan hüquqlarının kütləvi pozuntularının geniş vüsət almasına gətirib çıxara biləcəyini bütün beynəlxalq platformalarda xüsusi olaraq vurğulamışdır.

Bu gün artıq işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılır.

Azərbaycan xalqı illərdir gözlədiyi, ruhunun təntənəsi olan qalibiyyəti yaşamaqla bərabər, bu yolda canını fəda edən Vətən övladlarının əziz xatirəsini daim yad edəcək və əbədiyyən qəlbində yaşadacaqdır. Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev Şuşanın azad olunmasını, Azərbaycan xalqı isə Zəfər gününü tarixi həqiqətləri daim yada salan, şəhidlik zirvəsinin nə olduğunu hər addımda xatırladan Şəhidlər xiyabanında qeyd etdi. Çünki müstəqil Azərbaycan uğrunda canlarından keçənlərin ən böyük hədiyyəsi azad Vətən torpağıdır və güclü Azərbaycan dövləti indidən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə cavabını verəcək.

 

Əminə Ağzadə,

Millət vəkili