8 Noyabr – Azərbaycan xalqının qürur günü

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri 2020-ci ilin 8 noyabr günüdür. Həmin gün Azərbaycan Ordusu, xalqın birliyi və dövlətin gücü sayəsində Şuşa şəhərini azad etdi. Bu hadisə təkcə bir şəhərin azad olunması deyil, həm də Azərbaycan xalqının milli ruhunun, birliyinin və qürurunun təntənəsi idi. Məhz buna görə 8 noyabr günü Zəfər Günü kimi qeyd olunur.
Otuz ilə yaxın davam edən Qarabağ həsrətinə Azərbaycan xalqı 2020-ci ilin payızında son qoydu. Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. Qarabağda və Şərqi Zəngəzurda qazanılan bu Qələbə xalqımızın birliyi, dövlətin gücü  və Prezidentin müdrik rəhbərliyinin nəticəsi idi. noyabrda azad edilən Şuşa şəhəri Qarabağın ürəyi, Azərbaycan mədəniyyətinin beşiyidir. Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi şəxsiyyətlərin vətəni olan Şuşanın azadlığı, bütün xalqın ruhunun azadlığı demək idi.
Bu gün, Azərbaycan xalqının öz torpaqlarına sahib çıxma, haqqını və ədaləti bərpa etmə iradəsinin rəmzidir. 8 Noyabr – haqqın zəfər çaldığı, milli birliyin tarixə yazıldığı gündür.
Zəfərin qazanılmasında ən böyük amil xalq, ordu və dövlətin birliyidir. Hər bir vətəndaş, yaşından, peşəsindən asılı olmayaraq bu qələbə üçün bir ürəklə çalışdı. Cəbhədə döyüşən əsgər, arxada onu dəstəkləyən xalq və dövlət rəhbərliyinin dəmir iradəsi bu birliyin təcəssümüdür. Məhz bu birlik sayəsində Azərbaycan dünyaya öz gücünü, ədalət uğrunda mübarizə əzmini nümayiş etdirdi.
8 Noyabr Zəfər Günü gənc nəsil üçün sadəcə bir bayram deyil, vətənpərvərlik və milli qürur dərsidir. Bu tarix gənclərə göstərir ki, torpaq sevgisi, vətənə sədaqət və birliyə inam hər bir millətin ən böyük gücüdür. Gənclər bu zəfərdən ilham alaraq elmli, bacarıqlı, vətənini sevən və qoruyan fərdlər kimi yetişməlidirlər.
8 Noyabr – Azərbaycan xalqının qürur, şərəf və birliyinin simvoludur. Bu gün biz təkcə hərbi qələbəni deyil, həm də milli ruhun dirçəlişini, dövlətimizin qüdrətini qeyd edirik. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı hesabına qazanılmış bu Zəfər Azərbaycan tarixində əbədi yaşayacaq.
Qoy 8 Noyabr – Zəfər Günü – hər bir azərbaycanlının qəlbində daim qürur, sevgi və minnətdarlıq hissi ilə yaşasın!
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ dirçəlir, Qarabağ yaşayır ,Qarabağ əbədi Azərbaycanındır!

V çagırış millət vəkili 
Dilarə Cəbrayılova