ABŞ-Ermənistan-Aİ görüşü cəmiyyətimizdə niyə narahatlıq doğurur?

ABŞ-Ermənistan-Avropa İttifaqının aprelin 5-nə Brüsseldə nəzərdə tutulan üçtərəfli görüşü ilə bağlı ölkəmizdə aparılan ictimai müzakirələrin təhlili göstərir ki, cəmiyyətimizin mütləq əksəriyyətində ciddi narahatlıq var. Amma hər zaman olduğu kimi, radikal müxalifətin təmsilçiləri və onlara yaxın olan ayrı-ayrı ekspertlər əks-arqument irəli sürərək iddia edirlər ki, belə görüşlərin keçirilməsi istənilən dövlətin suveren seçimidir. Nə qədər təzadlı görünsə də, radikal müxalifətin münasibəti cəmiyyətimizin və rəsmi məqamlarımızın mövqeyi ilə deyil, Ermənistan rəsmilərinin bəyanatları ilə üst-üstə düşür.

Görüş tərkibinin formatı yalnız bir ölkənin-Ermənistanın maraqları, suveren riskləri ilə məhdudlaşsaydı, əks-arqumenti irəli sürənlərin mövqeyi bu qədər tənqidə məruz qalmazdı. Nəzərdə tutulan format seçimi və müzakirə ediləcək məsələlər, hazır olan qərar və bəyanat layihələri Ermənistanın suveren yurisdiksiyasının sərhədlərindən çox kənara çıxdığı, region ölkələri ilə yanaşı, Azərbaycanın da maraqlarına birbaşa toxunduğu üçün ictimai müzakirələr səngimir. Digər beynəlxalq subyektlərin, bizlər üçün isə Azərbaycanın mövqe və maraqlarını yalnız Ermənistanın süveren seçiminə bağlayan bu cür formatlar gələcəkdə real təhdidlərin yaranma ehtimalını da xeyli yüksəldir. Cəmiyyətimiz əks-arqument müəlliflərinin mövqeyini həm də ona görə bölüşmür ki, nəzərdə tutulan görüş formatı 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirmiş bir ölkənin-Ermənistanın maraqlarının qorunmasını özü üçün prioritet hesab edir. O da sirr deyil ki, bu görüşün təşkilatçıları ABŞ və Avropa İttifaqıdır, Ermənistan isə tarixən olduğu kimi, planlaşdırılan yeni siyasi konfiqurasiyanın uğurlu nəticəsini təmin etmək üçün istifadə olunan vasitə, bir alətdir. Kim inana bilər ki, dünyanın iki aparıcı aktoru- ABŞ və Avropa İttifaqı özlərinin qlobal maraqlarını unudaraq, yalnız Ermənistan kimi kiçik bir ölkənin maraqları naminə Brüsseldə bir araya gəlmək qərarını verib?

Təşkilatçılar nə qədər iddia etsələr də ki, üçtərəfli görüşün əsas məqsədi Ermənistana yalnız iqtisadi təhlükəsizlik dəstəyinin verilməsi ilə bağlıdır, real həyatda müşahidə etdiyimiz addımlar və bəzi ölkələrdən gələn siyasi bəyanatlar bunun belə olmadığına, yaxud görüşün pərdəarxası hissəsində daha böyük hədəflərin gizləndiyinə işarə edir. Həqiqətən, faktların dili öz kəsərliliyi ilə həmişə seçilir, ona görə də həqiqəti uzun müddət gizlətmək mümkün olmur. Faktlardan biri ondan ibarətdir ki, 2022-ci ilin oktyabrında Praqada Azərbaycanın iştirakı ilə əldə olunmuş razılaşmaya əsasən, Ermənistan sərhədində cəmi iki ay müddətinə yerləşdirilən 40 nəfərlik Avropa missiyasının say tərkibi artıq 200 nəfəri keçib, gələcəkdə isə onun daha da artacağı, müddətinin də uzadılacağı indi heç kimdə şübhə doğurmur. Özü də bu, Ermənistanla sülh müqaviləsinin imzalanmadığı bir şəraitdə, işğala məruz qalmış Azərbaycanla razılaşdırılmadan həyata keçirilir. Əgər bu razılığın heç bir hüquqi-siyasi önəmi olmasaydı, Praqada ölkəmizdən razılıq istənilməzdi. Razılıqla başlanan prosesin indi birtərəfli qaydada davam etdirilməsi də cəmiyyətimizdə xeyli suallar doğurur. O da sirr deyil ki, missiya mülki adlandırılsa da, onun tərkibi əsasən fransız jandarmeriyasından, kollektiv Qərbin keçmiş yüksək rütbəli hərbi zabitlərindən və peşəkar kəşfiyyatçılardan ibarətdir. Üstəlik, nəzərdə tutulan görüş ərəfəsində Aİ ilə yanaşı, həm də NATO-ya üzv olan Fransa və Yunanıstan Ermənistanla hərbi əməkdaşlığı daha da dərinləşdirəcəkləri ilə bağlı bəyanat səsləndirib, konkret mövqe ortaya qoyublar. Avropa Sülh Fondu çərçivəsində isə Ermənistana kifayət qədər ciddi hərbi yardımın göstərilməsi artıq qərara alınıb. Sual olunur: 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasətini aparan, Qarabağda və Şərqi Zəngəzurda tarixi, mədəni və dini dəyərlərimizi təhqir edən Ermənistan olduğu halda, məhz işğalçı ölkəyə iqtisadi, hərbi və siyasi dəstəyin verilməsi hansı sağlam məntiqə, hansı mənəvi dəyərlərə söykənir? Nə qədər haqlı suallar doğursa da, bu dəstək müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınan, Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana və qardaş Türkiyəyə qarşı açıq-aşkar ərazi iddialarını nəzərdə tutan Ermənistana verilir, işğaldan əziyyət çəkmiş Azərbaycan dövlətinə və xalqına qarşı isə 907-ci Düzəliş yenidən qüvvəyə mindirilir.

Belə çıxır ki, ABŞ və Avropa İttifaqı separatçılıqdan bu gün də əziyyət çəkən, işğala məruz qalan Ukrayna ilə işğalçı Ermənistanın hüquqi statusunu eyniləşdirir, onları ədalət tərəzisinin eyni gözünə qoyur. Cəmiyyətimizdə narahatlıq doğuran, Qərbə ictimai etimadı sarsıdan elə bu cür riyakar, ayırıcı xətlərin qurulmasına xidmət edən siyasi yanaşmalardır. Ermənistan ərazisindəki Avropa missiyasının sıralarına artıq Kanada kimi ölkələrin də qoşulduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, bir ölkənin-Ermənistanın ərazisində eyni vaxtda faktiki olaraq həm NATO-nun, həm də onunla kəskin qarşıdurma vəziyyətində olan Rusiyanın çoxsaylı hərbi-siyasi kontingentinin yerləşməsi nə zamansa təhlükəli fəsadlara yol aça biləcək. Kim təminat verə bilər ki, böyük barıt çəlləyini xatırladan bu ocağa kimlərsə kibrit çöpünü tullayıb onu alovlandırmayacaq, Cənubi Qafqazı Yaxın Şərqin alternativinə çevirmək istəməyəcək?   

Cəmiyyətimizin və rəsmi məqamlarımızın əsaslı narahatlığı həm də bu cür təhlükənin yüksək reallaşma ehtimalı ilə bağlıdır. Belə vəziyyətdə Ermənistanda baş verə biləcək qlobal toqquşmanın qığılcımlarının Azərbaycana, Gürcüstana, qardaş Türkiyəyə, yaxud digər region ölkələrinə sıçraması bir zaman qaçılmaz ola bilər. Ona görə də cəmiyyətimiz öz narahatlığında tam haqlıdır. Bu təhlükənin miqyasını görməyən və ya mifik siyasi maraqları ucbatından görmək istəməyən radikal müxalifətin “başbilənlərinə” və “müstəqil” ekspert, siyasi şərhçi, konfliktoloq qismində onların mövqeyini bölüşənlərə əks-arqumentlərinin bu cür təhlükəli şəraitdə heç bir tənqidə sığmadığını bir daha xatırlatmaq istərdim.

Həmin zümrənin başqa bir gülünc arqumenti də var. Onlar tez-tez iddia edirlər ki, guya Nikol Paşinyan Qarabağın Azərbaycana aid olması bəyanatını yalnız Qərbin təzyiqi altında verib. Belələri ictimai rəyi çaşdırmaq və ermənipərəst mövqeyi cəmiyyətimizdə artıq şübhə doğurmayan Fransa kimi ölkələrin siyasi elitasının xoşuna gəlmək, dəstəyini qazanmaq üçün qəsdən unudurlar ki, Ermənistanın indiki baş naziri “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını 2019-cu ilin avqustunda Qarabağda-Azərbaycan ərazisində səsləndirmişdi. Həmin bəyanatdan ötən bir il bir ay ərzində, 44 günlük Vətən müharibəsinə qədər indi Ermənistana hər cür dəstək göstərməyə hazır olan dövlət və təşkilatlardan heç biri, o cümlədən nə ABŞ, nə Fransa, nə Rusiya, nə də Avropa İttifaqı Paşinyana barmaq silkələyib demədilər ki, çaşma və əndazəni aşma. Əgər Ermənistan savaş meydanında ağır məğlubiyyətin acısını yaşamasaydı, güclü Azərbaycanın bundan da artığına qadir olduğunu görməsəydi, Paşinyan heç vaxt Qarabağ Azərbaycandır deməyəcəkdi.

İstənilən ölkədə Prezident seçkiləri nəinki radikal müxalifət, hətta iqtidarın ən yumşaq siyasi opponentləri üçün legitim fürsət kimi tanınır. Amma bizdə müxalifətin liderliyinə iddia edən radikal kəsim bu dəfə də “fərarilik” etdi, müxtəlif bəhanələrlə seçkidə iştirakdan boyun qaçırdı. Yalnız bir səbəbə görə. Çünki bilirdilər ki, son iki əsrlik tariximizin ən parlaq Zəfərinə imza atan Prezident İlham Əliyev və ümumxalq birliyinin, bugünkü vətəndaş-dövlət etimadının cəmiyyətimizdə alternativi yoxdur. Elə bu səbəbdən, radikal müxalifət indinin özündə də dəstəyi seçkilərdən, xalqın birbaşa səsindən yox, xaricdən və oradakı yolgöstərənlərindən umur. Əgər belə olmasaydı, onlar müharibənin elə ilk günlərində “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” deyən prezident Makron kimilərinin siyasətinə birbaşa, yaxud dolayısı ilə haqq qazandırmağa və münasibətlərin korlanmasında dövlətimizi günahlandırmağa cəsarət etməzdilər.

Azərbaycan xalqı isə bütün bu riyakarlıqları görür və kimin müstəqil Azərbaycanın dövlət maraqlarına xidmət etdiyini, kimlərin Fransa kimi ermənipərəst ölkələrin siyasi xəttinin təbliğində alətə çevrildiyini çox asanlıqla ayırd edə bilir. Radikal müxalifətin Azərbaycan xalqına deyil, məhz xaricdəki məlum siyasi mərkəzlərə ümid bağlamasının yeganə səbəbi də elə budur. Qarabağın Azərbaycana aid olması ilə bağlı bəyanatı Nikol Paşinyanın guya yalnız Qərbin təzyiqi ilə verdiyini iddia edənlərə milli-mənəvi irsimizdən bir xatırlatmanı etmək istərdim: ilan ulduz görməsə ölmədiyi kimi, Türkün düşməni də hilalın gücünü görmədikcə təslim olmur.

Ülvi Quliyev                                                                               

Milli Məclisin deputatı